Cüneyt Biçər: Artıq iki dəfə “Xəzər-Lənkəran”ı məğlub etmişəm - MÜSAHİBƏ
16.05.2010 - 11:09
Cüneyt Biçər: Artıq iki dəfə “Xəzər-Lənkəran”ı məğlub etmişəm - MÜSAHİBƏ
“Bakı” klubunun baş məşqçisi Cüneyt Biçərin apasport.az saytına müsahibəsi

- Son turdan öncə “Xəzər-Lənkəran” – “Bakı” və “Qarabağ” – “Neftçi” oyunları haqda xoşagəlməz söz-söhbətlər gəzirdi. Ancaq sonda bunların əsassız olması təsdiqləndi...
- Başqalarının adından danışmaq istəmirəm. Ancaq həyatim boyu şərəf və namusumu hər şeydən üstün tutub, bunun üçün meydana çıxmışam. Məqsədim həmişə belə olub. Komandamızdakı insanlar da belədir. Ən əsası, biz prezidentimiz Hafiz Məmmədov başda olmaqla, “Bakı” klubunu təmsil edirik. Belə insanların yanında xoşagəlməz oyunlara yol vermək lazım idi.

- “İnter” ötən il çempion olan “Bakı”nı qabaqlayaraq, birinci oldu. Bu komandanın çempionluğa layiq sayırsınızmı?
- Bu, fərqli məsələdir. Bu mövzuda, yəni layiq olub-olmamaqla bağlı şərh verməyim düzgün çıxmaz.

- Ancaq reallıqları, “Bakı”nın çətin mövsüm keçirdiyini, üç baş məşqçi ilə çalışdığını nəzərə alsaq, gümüş medalı yaxşı göstərici saymaq olar...
- Ən gözəl uğur çempionluqdur. Üstəlik, keçən mövsüm məhz “Bakı” çempion olmuşdu. Amma siz də dediyiniz kimi, baş məşqçi dəyişikləri, zədə ilə bağlı kiçik problemləri nəzərə alsaq, bunu yaxşı nəticə saymaq olar. Problemlərimizi heç dilə gətirmədim. Çünki meydana 11 futbolçuları çıxırıq və zədəlilərimiz haqda danışmaqla, digər futbolçulara qarşı hörmətsizlik etmək istəmirəm. Açığı, mən üzgünəm.

- Niyə?
- Çünki çempion ola bilmədik.

- Son anda komandaya nə çatışmadı?
- Belə deyim ki, çempion olmaq qismətimizdə deyilmiş. Düzünə qalsa, bura qədər gəlib, Lənkəranda qələbə qazanıb, ancaq sonda çempion olmamaq məni çox üzdü. Ancaq digər tərəfdən, belə şayiələrə qalib gəlmək, bizi çox sevindirdi.

- Qarşıda “Xəzər-Lənkəran”la Azərbaycan kuboku uğrunda final oyunu var. Rəqib əvəz çıxmağa çalışacaq, ancaq psixoloji üstünlük sizin tərəfdə olacaq...
- İstənilən halda, çox çətin final olacaq. İstər psixoloji, istərsə də oyun baxımından.

- Bu qələbədən sonra Azərbaycan kubokunu qazanmaq şansını rəqibdən yüksək sayırsınızmı?
- Mənim vaxtımda “Xəzər-Lənkəran”ı hər iki oyunda yendik. Niyə də 3-cü olmasın? İnşallah, daha bir dəfə yenib, kuboku qazanarıq.

Mehman SÜLEYMANOV