Xorvatiyalı futbolçu “Xəzər-Lənkəran”ı təriflədi
16.05.2010 - 16:06
Xorvatiyalı futbolçu “Xəzər-Lənkəran”ı təriflədi
“Xəzər-Lənkəran”la oyun çətin olacağını bilirdik. Çünki görüşdən öncə hamı bu matçın danışılmış oyun olduğunu deyirdi. Bu səbəbdən, oynamaq daha ağır olur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun qapıçısı Marko Şarliya deyib.

“Xəzər-Lənkəran” üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdə inamlı təsir bağışlayan xorvatiyalı təmiz komanda olduqlarını bir daha sübut etdiklərini bildirib: “Hamıya göstərdik ki, “Bakı”nın adı uğrunda mübarizə aparırdıq. Allaha şükür ki, qələbə qazandıq və hamı razı qaldı. “İnter”i çempionluq münasibətilə təbrik edirəm. Sonda onlar 1-ci olursa, bu münasibətlə təbrik etməliyəm. Heyf ki, yenə çempion ola bilmədik. 1-ci və 2-ci yer eyni olmasa da, hər halda, gümüş medalı aktivimizə yazmalıyıq. İstənilən halda, mövsümü titulla başa vurmaq şansımız var və bu mənada “Xəzər-Lənkəran”a Azərbaycan kubokunun finalında da qalib gəlməliyik”.

Şarliyanın fikrincə, “Xəzər-Lənkəran” əla komanda olduğu üçün ona qarşı oynamaq həmişə çətindir: “Ümid edirəm ki, kuboku qazansaq, hamı bundan razı qalacaq və hərə öz vətəninə yaxşı əhval-ruhiyyəyə istirahətə yollanacaq. Tribunaların dolu olması, Azərbaycan futboluna marağı daha da artırır”.

Mehman SÜLEYMANOV