Ernad Skuliç: Biz söz-söhbətlərin əsassız olduğunu sübuta yetirdik
16.05.2010 - 16:28
Ernad Skuliç: Biz söz-söhbətlərin əsassız olduğunu sübuta yetirdik
“Biz təmiz futbol oynayaraq, “Xəzər-Lənkəran”a qalib gəldik. Bununla da son günlərdə gəzən söz-söhbətlərin əsassız olduğunu sübuta yetirdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun xorvatiyalı yarımmüdafiəçisi Ernad Skuliç deyib.

Unibank Premyer Liqasının son turunda səfərdə “Xəzər-Lənkəran”la görüşdə (1:0) nəticəni ədalətli hesab edən legioner bəxtsizlikdən gileyləndi: “Uğur bir az da bizim tərəfdə olsaydı, yəni, “İnter” “Qəbələ” ilə heç-heçə etsəydi, indi ardıcıl ikinci çempionluğu bayram edərdik. Hər halda, “İnter” 1-ci yeri tutubsa, deməli, çempionluğa daha layiq imiş. Bundan sonra məqsədimiz kuboku qazanmaqdır və bu baxımdan elə “Xəzər-Lənkəran”la bizi yenə çətin oyun gözləyir. Hesab edirəm ki, finalda hər iki komanda üçün ağır olacaq. Ola bilər ki, bu qələbədən sonra psixoloji üstünlük bizdə olsun. Ancaq istənilən halda, bizi asan sınaq gözləmir. Kubokun finalında psixoloji üstünlük qazanmağımız üçün “Xəzər-Lənkəran”ı səfərdə məğlub etməyimiz vacib idi”.

Mehman SÜLEYMANOV