Berti Foqtsun planı məlum oldu
18.06.2010 - 14:28
Berti Foqtsun planı məlum oldu
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts klublarımızı tək qoymayacaq. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis gələn ayın əvvəlində startı veriləcək avrokuboklarda iştirak edən təmsilçilərimizin oyunlarını izləmək fikrindədir.

Məlum olduğu kimi, “Xəzər-Lənkəran”la “Qarabağ” iyulun 1-də Avroliqanın ilk təsnifat mərhələsində mübarizəyə başlayacaq. Son ölkə kubokunun qalibi “Bakı” iki həftə sonra həmin turnirin, “İnter” isə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış edəcək.

Foqtsun ötən yay olduğu kimi, əsasən səfər oyunlarımızı izləyəcəyi gözlənilir. Ancaq onun nə vaxt, hansı görüşə gedəcəyi yalnız iyunun 21-də UEFA-nın keçirəcəyi püşkatmadan yox, DÇ-2010-un oyunlarından asılıdır. Məsələ ondadır ki, mundialın oyunlarını izləmək üçün CAR-a yollanan çalışdırıcı həmyerlilərinin görüşlərinə tamaşa edir.

Almaniya yığması ardıcıl ikinci seçmə mərhələdir millimizlə bir qrupda yer alıb. Foqtsun komandası Avro-2010-də ilk oyununu bu ilin sentyabrın 7-də səfərdə məhz almanlarla keçirəcək. Həmyerlilərinin Avstraliya yığmasını darmadağın etməsinə (4:0) şahid olan baş məşqçi bu gün Bakı vaxtilə saat 16:30-da starı veriləcək Serbiya ilə görüşü stadiondan izləyəcək.

Foqtsun Afrikada nə qədər qalması həmyerlilərindən asılıdır. Yəni Almaniya yığması finala kimi irəliləsə, Foqts da iyulun 11-ə kimi orda qalacaq. Belə olan halda, almaniyalı mütəxəssis “Xəzər-Lənkəran”la “Qarabağ”ın ilk mərhələdə izləmək imkanından məhrum olur. Ancaq “İnter”lə “Bakı” mübarizəyə başlayan zamanı mundial bitəcəyindən problem yaranmır. “Xəzər-Lənkəran”la “Qarabağ” ikinci mərhələyə çıxarsa, Foqts onların da oyunu izləyə bilər. İstənilən halda, AFFA rəhbərliyi ilə mütəmadi əlaqədə olan, onları lazımı informasiyalarla məlumatlandıran Foqtsun ölkəmizə qayıdışı bir qədər çəkəcək.