Azərbaycan çempionu baxışa çağırdığı legionerləri bəyənmədi
19.06.2010 - 12:35
Azərbaycan çempionu baxışa çağırdığı legionerləri bəyənmədi
Son Azərbaycan çempionu “İnter” baxışa çağırdığı legionerləri bəyənməyib. Bu barədə apasport.az saytına açıqlamasında komandanın baş menecerinin müavini Kamran İsmayılov məlumat verib. Onun sözlərinə görə, hazırlıq keçdikləri Bolqarıstana gələn 3 əcnəbini geri qaytarıblar. Həmin futbolçular “İnter”in yerli “Pravets” üzərində qələbədən (6:1) sonra lazım olmayıb: “Baxışa yenə legionerlər gələcək. Ancaq futbolçuları transfer olunmamış adlarını açıqlayıb, reklam etmək fikrində deyilik. Bu səbəbdən geri qaytardığımız əcnəbilər haqda ətraflı məlumat verməyi məqsədəuyğun saymırıq”.

“İnter” hazırlığını yığma futbolçularsız davam etdirir. Son çempion iyunun 20-dək istirahət verdiyi həmin oyunçuların yolunu gözləyir. İsmayılovun sözlərinə görə, milli komandamızın üzvləri olan ukraynalı futbolçular – Vladimir Levinlə Aleksandr Çertoqanov həmin vaxt Bakıya gələcək: “Çünki onlara Bolqarıstana viza açmaq lazımdır. Bizimlə müqaviləsi olan latviyalı yarımmüdafiəçi Andrey Rubinə isə viza lazım olmadığı üçün vətənindən birbaşa bura gəlməlidir. Hətta ona Riqadan Sofiyaya bilet də alıb vermişik. Litvalı hücumçumuz Robertas Poşkus isə hazırda yığmasının heyətində Baltikyanı kubokda iştirak edir. O, baş məşqçimiz Kaxaber Sxadadze ilə əlaqə saxlayaraq daha iki gün, yəni iyunun 22-də gəlməyinə icazə verilməsini xahiş etdi. Poşkus öncə Bakıya gəlməlidir. Çünki onunla bitən müqavilənin müddəti uzadılmalı və bundan sonra Bolqarıstandakı hazırlığımıza qatılmalıdır”.

Mehman SÜLEYMANOV