“Qarabağ”ın bu həddə çatmasında Karanın böyük əməyi var”
05.08.2010 - 10:27
“Qarabağ”ın bu həddə çatmasında Karanın böyük əməyi var”
“Qarabağ”da işlədiyim zaman 2008/09 mövsümündə ölkə kubokunu qazandıq. Mən bu komandada baş məşqçisi yox, koordinator kimi çalışırdım. Bu qısa müddətdə kuboku qazandıq və daha sonra orada qurduğumuz sistemlər nəticəsində “Qarabağ”ın Azərbaycan yığmasına 9-10 futbolçu verməsini təmin etdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun sabiq məşqçisi Mehmet Ak deyib.

Hələ həmyerlisi Rasim Kara baş məşqçi olan vaxtda “Qarabağ”a dəvət edilən gənc çalışdırıcı sonradan Qurban Qurbanovun köməkçisi kimi işlədi. Ötən il Azərbaycan kubokunu qazanandan sonra vətəninə dönən, hazırda aşağı liqada “Nilufərspor”un baş məşqçisi olan Ak “Qarabağ”ın indiki səviyyəyə çatmasında Karanın əməyini qeyd edir: “Əvvəlki dönəmdə də Rasim Kara ilə birlikdə çalışdıq. Onun komanda üzərində həqiqətən də böyük əməyi var. Əslində, komandanın bu yerlərə gəlməsinin təməlini vaxtında Kara qazandırdığı gənc futbolçularla atıb. Bunu da Azərbaycanda futbolla maraqlanan hər kəs bilir”.

Qeyd edək ki, 2007-ci ilin qışında “Qarabağ”ın sükanı arxasına keçən Kara 2008-ci ilin avqustunda, çempionatın startına bir həftə qalmış “Xəzər-Lənkəran”ın baş məşqçi postuna qayıtdı.