“Qarabağ”dan tarixi qələbə
05.08.2010 - 21:55
“Qarabağ”dan tarixi qələbə
Bu gün Avroliqada III təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ” tarixi oyuna çıxıb. Tofiq Bəhramov adına Respublika stadionunda “Visla”nı qəbul edən Qurban Qurbanovun yetirmələri Avroliqanın son təsnifat mərhələsinə vəsiqə qazanıblar. Bununla da Ağdam təmsilçisi bir mövsümdə 3 rəqibini mübarizədən kənarlaşdıran ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Səfərdəki 1:0 hesablı qələbədən sonra buna nail olmaq üçün doğma publika qarşısında istənilən heç-heçə də yetərli idi. Ancaq “Qarabağ” Polşanın vitse-çempionuna səfərdə olduğu kimi, evdə də qalib gəlməklə həm azarkeşlərini sevindirməyi bacardı, həm də klub reytinqimizi daha da artırdı. Avroliqada cari mövsümdə məğlubiyyətsiz çıxış edən “Qarabağ” bunun davamını gətirməklə, ötən il olduğu kimi, qrup mərhələsinə düşmək üçün son mərhələyə yüksəldi.

Özü də Bakıdakı görüşün taleyi artıq ilk yarıda həll olundu. Fasiləyədək qonaqların qapısına 3 cavabsız qol vuran ağdamlılar cütün qalibinin adına erkən aydınlıq gətirdi. Təmsilçimiz buna 7 dəqiqə ərzində vurduğu qollarla nail oldu. Əvvəl Avroliqada 5-ci qolunu vuran Əfran İsmayılov, sonra isə Rauf Əliyevlə Rəşad Sadiqov “Visla”nı oyuna mərkəzdən başlamağa vadar etdilər.

I hissədən sonra hamı matçın böyük hesablı qələbə ilə başa çatacağını gözləyirdi. Bu, indiyədək hər dəfə uduzduğumuz, acınacaqlı məğlubiyyətlər aldığımız polşalılardan qisas anlamına gələcəkdi. Lakin qonaqlar sonadək mübarizə aparıb əvvəl təsəlli qolunu vurublar, sonra isə fərqi minimuma endiriblər – 3:2. Bununla da “Qarabağ” məğlubiyyətsiz keçirdiyi 6 oyunda 4-cü qələbəsini qazandı.


Avroliqa, III təsnifat mərhələsi
5 avqust

Cavab oyunu


21:00. “QARABAĞ” (AZƏRBAYCAN) – “VİSLA” (POLŞA) - 3:2
QOLLAR: Əfran İsmayılov, 28, Rauf Əliyev, 33, Rəşad Sadiqov, 35 - Pavel Brojek, 57, Rafal Boquski, 87
Baş hakim: Bülənt Yıldırım (Türkiyə)
Hakim-köməkçiləri: Mustafa Əmrə Əyisoy, Sem Satman, Hakan Ceylan (hamısı Türkiyə)
Hakim-inspektor: Volfqanq Sova (Avstriya)
UEFA nümayəndəsi: Zvi Rosen (Norveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“QARABAĞ”: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev (17. Vüqar Nadirov, 61), 13. Samir Abbasov, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 31. Andrey Rubin (10. Emin İmaməliyev, 86), 77. Georgi Adamiya (8. Aslan Kərimov. 81)
“VİSLA”: 1. Milan Yovaniç, 7. Radoslav Sobolevski (k), 8. Pyotr Brojek, 9. Rafal Boquski, 13. Draqan Palyiç (23. Pavel Brojek,46), 15. Junior Dias, 16. Tomas Jirşak (28. Çezari Vilk, 46), 19. Patrik Maleçki (11. Voytseh Lobodzinski, 80), 22. Erik Çikoş, 24. Mateuş Kovalski, 79. Matsey Juravski
SARI VƏRƏQƏLƏR: Matsey Juravski, 65, Patrik Maleçki, 73
İlk oyun – 1:0