Ceyhun Sultanov: Birdən ayıldım ki, iyulun ortasıdır, klubsuz qalmışam
05.08.2010 - 12:20
Ceyhun Sultanov: Birdən ayıldım ki, iyulun ortasıdır, klubsuz qalmışam
“Gəncə”yə keçidim həll olunmaq üzrədir. Yalnız transfer vərəqəsinin gəlməsi və yeni klubla müqavilənin imzalanması qalıb. Əsas odur ki, müqavilə ilə məxsus olduğum “Xəzər Lənkəran”la “Gəncə” rəhbərliyi arasında keçidimlə bağlı tam razılıq əldə edilib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yeni transferi Ceyhun Sultanov deyib.

O bildirib ki, ötən mövsüm I divizionun çempionu kimi Premyer Liqaya qayıdan əyalət təmsilçisi ilə şəxsi müqaviləni razılaşdırıb: “Müqavilənin müddəti bir illik olacaq. Klub ötən mövsüm I divizionda oynayıb, güclülər dəstəsinə yeni çıxsa da, maddi şərtlər pis deyil. Hər halda, “Gəncə” məni “Xəzər Lənkəran”dan transfer edə bilirsə, deməli, nəsə var. “Muğan”a keçmək variantı olsa da, alınmadı”.

“Xəzər Lənkəran”ın mövsüm bitəndən sonra transferə çıxardığı Sultanov keçidinin yubanmasında haradasa özünü da günahlandırır: “Mən özümə klub tapmaqda gec tərpəndim. Mövsüm bitəndən sonra başım istirahətə qarışdı. Birdən ayıldım ki, iyulun ortasıdır. Gördüm ki, klublar heyətlərini qurmağa çoxdan başlayıb. Ona görə transferim bu qədər yubandı və çempionatına startı ərəfəsində reallaşdı”.

Təcrübəli yarımmüdafiəçi “Gəncə”nin cari mövsümdə uğurlu çıxışı üçün bütün bacarığını ortaya qoyacağını deyib: “Əlbəttə, Premyer Liqaya yeni çıxan komandaya çətin olacaq. Rəqiblər güclü olduğu üçün “Gəncə”nin ilk “altılığ”a düşməsi çox çətin olacaq. Bəlkə bunun mümkünatı yoxdur. Ancaq hər halda, nə qədər gücümüzü var, ortaya qoyacağıq. Onu deyə bilərəm ki, Gəncədə oynayan hər komandaya çətin olacaq. Komandamızda təcrübəli, oynayan futbolçular cəmləşib. “Gəncə”nin baş məşqçisi Fuad İsmayılovla söhbətim olub. Mənim üçün indi oynamaq vacibdir”.

İş elə gətirdi ki, Ceyhun ilk turda ona yaxşı tanış olan “Simurq” klubu ilə görüşəcək. O, “Gəncə”yə gələnə kimi bu komandanın düşərgəsində yer alsa da, sonda keçidi baş tutmadı. Zaqatala təmsilçisinin sirlərini yaxşı bilən Sultanov bu işdə indiki komandasına kömək edə bilər: “Əlbəttə, “Simurq”un necə oynadığını yaxşı bilirəm. Bu komanda əzmkar oyun göstərir. Heyəti əsasən gənc, qaçan futbolçulardan təşkil olunub. “Simirq”un gücü mənə məlumdur. İstənilən halda, bu, mənim üçün adi oyun olacaq. İlk turda Gəncədə qalib gəlib, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Mehman SÜLEYMANOV