Kristian Torres: “Qəbələ ilk “üçlüy”ə düşmək iqtidarındadır
05.08.2010 - 13:49
Kristian Torres: “Qəbələ ilk “üçlüy”ə düşmək iqtidarındadır
“Toni Adamsın gəlişindən sonra, məşqlərimizdə müəyyən fərqlər hiss olunur. Ümumiyyətlə, heyətdə də müəyyən dəyişikliklər var. Düşünürəm ki, o, yaxşı mütəxəssisdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun argentinalı futbolçusu Kristian Torres deyib.

Ramiz Məmmədovun dövründə komandaya dəvət edilən hücumçunun xidmətində yeni baş məşqçi Adams da maraqlıdır. İngiltərəli mütəxəssisin gəlişindən sonra komandada müəyyən dəyişikliyin baş verdiyini deyən argentinalı ötən ilki heyətlə indikini də müqayisə edib. Torres hazırkı heyətlə ötən ilki heyət arasında olan fərqi belə izah edib: “İndiki heyətin daha güclü olduğunu deməzdim. Sadəcə, ötən mövsüm ehtiyat oyunçular skamyasının qısalığından əziyyət çəkirdik. Bir çox görüşlərdə xal itirməyimiz də bununla bağlı idi. Hazırkı heyətin üstünlüyü ondadır ki, indi meydana çıxıb oynaya biləcək futbolçular daha çoxdur”.

Cari mövsümün ilk turunda “Xəzər-Lənkəran”la qarşılaşacaq “Qəbələ”nin şanslarını dəyərləndirən legioner komandanın qarşısına qoyulan məqsəd barədə də danışıb: “Çətin qarşılaşma olacaq. Rəqib yaxşı komandadır. Evdə də yaxşı təsir bağışlayır. Amma biz meydana uduzmaq üçün çıxmırıq. Əksinə, istəyirik ki, uğur qazanaraq bu sindroma son qoyaq. Məqsədimiz ilk “üçlük”də qərarlaşaraq, avrokuboklara vəsiqə qazanmaqdır. Rəqibləriniz güclü olsa da, düşünürəm ki, bunu bacaracaq gücdəyik”.