I divizion klubu millinin sabiq futbolçuları ilə müqavilə imzaladı
05.08.2010 - 14:33
I divizion klubu millinin sabiq futbolçuları ilə müqavilə imzaladı
“Sabah təlim-məşq toplanışına yığışacağıq. Komanda iki həftə Qaxda hazırlıq keçəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Abşeron” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.

Üç il əvvəl yaradılan və I divizionda mübarizə aparan, ancaq mövsümün sonuna yaxın maliyyə çatışmazlığı üzündən fəaliyyətini dayandıran “Abşeron” yenidən böyük futbola qayıdır. Artıq hazırlığa başlayan komandanın baş məşqçisi Mirbağır İsayev olacaq. İsayev Qaxda hazırlıq keçəcəkləri zaman 2 yoxlama oyununda da güclərini sınayacaqlarını bildirib. Ancaq hələlik sparrinq-rəqiblərin adları məlum deyil: “Bununla bağlı danışıqlar gedir. Təbii ki, “Simurq” həmin vaxt Zaqatalada olsa və bizimlə qarşılaşmaq istəsə, məmnuniyyətlə onlarla oynayarıq”.

Daha sonra heyətə cəlb edilən oyunçular haqqında məlumat verən İsayev Premyer Liqa təcrübəsi olan futbolçulardan bir neçəsi ilə artıq rəsmi müqavilə imzaladıqlarını qeyd edib: “İsmayıl Məmmədov, Azər Cabbarov, Ruslan Qafitullin, Vladimir Miçoviç, Murad Ağakişiyevlə müqavilə imzalamışıq. Bu futbolçular yeni mövsümdə komandamızın şərəfini qoruyacaqlar”.