Mirça Rednik: “Xəzər Lənkəran”da yaxşı pul var
05.08.2010 - 17:24
Mirça Rednik: “Xəzər Lənkəran”da yaxşı pul var
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik Rumıniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, rumıniyalı həmkarlarımız tanınmış mütəxəssisin vətəndə bir sıra təklifləri qəbul etməyərək, Lənkərana cəlbedici maddi şərtlərə görə gəldiyini bildirir. Ötən ay “ağ-yaşıllar”la 2 illik müqavilə bağlayan Rednik məvacibini açıqlamaqdan imtina edib.

- “Xəzər Lənkəran”da qazancım məxfidir. Mən burada yaxşı qazanıram, kifayət qədər yaxşı məvacibim olacaq. İstənilən halda, “Xəzər Lənkəran” əvvəlki komandam olan Buxarest “Dinamo”sundan çox yaxşıdır.

- Lənkəranda şərait necədir?
- Çox yaxşıdır. Əsasən ona görə ki, burada yaxşı pul var. Rumıniyada heç bir klub özünə belə büdcə müəyyənləşdirə bilməz.

- Deyilənə görə, “Xəzər Lənkəran”ın büdcəsi 20 milyon dollardır...
- Bunu heç cür şərh edə bilmərəm. Əsas odur ki, klubun sahibi mənə lazım olan futbolçular almağa imkan yaratdığını deyib.

- Transferləriniz Rumıniyadandır?
- Yox, mən Rumıniyadan gələn əcnəbiləri qəbul edəcəyəm (gülür)

- Hansı mövqelərə?
- Hücum və müdafiənin sol cinahına. Çox yaxşı tanıdığım futbolçular var, hələ məsələ dəqiqləşməyib. Ancaq sizə bir şey deyim.

- Buyurun.
- Mən ölkədə olanda klubların rəhbərləri məni sevmirdi. İndi birdən yaxşı olduğumu deyirlər. Mən danışıqları, pul hesabları ilə bağlı problemləri unutmamışam. Həmişə yaxşı günlər üçün çalışmışam. Bu, önəmlidir. Lakin keçmişdə olanları unuda bilmirəm.

- “Dinamo” və “Vaslui”də olanları nəzərdə tutursunuz...
- Mən daha artıq bir şey demək istəmirəm.

Qeyd edək ki, rumıniyalı həmkarımız ötən mövsüm 4-cü yeri tutan “Xəzər Lənkəran”ın büdcəsini 20 milyon dollar qiymətləndirib, komandaya Azərbaycan çempionluğu müqabilində 1 milyon dollar mükafat ayrıldığını iddia edirlər. Türkiyədə çalışan iş adamı, klubun sahibi Mübariz Mənsimovun var-dövlətinin təxminən 1 milyard avro, Azərbaycanda ən varlı insanlardan biri olduğu bildirilir.