Avropa Liqası oyununda xoşagəlməz hadisə
05.08.2010 - 23:00
Avropa Liqası oyununda xoşagəlməz hadisə
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları zamanı xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Gürcüstanın “Zestafoni” klubu ilə Ukrayna təmsilçisi “Karpatı” arasında görüş vaxtından əvvəl dayandırılıb.

Buna işıqlandırma sistemindəki problemlər səbəb olub. Matçın 36-cı dəqiqəsində stadionun işıqlarının sönməsi üzündən futbolçular meydanı tərk ediblər. Onlar yalnız bir müddətdən sonra soyunub-geyinmə otaqlarını tərk edərək, yenidən mübarizəni davam etdiriblər. Bu məcburi fasilə təxminən 23 dəqiqə davam edib.

Fasilədən sonra davam etdirilən qarşılaşmanın uzatma dəqiqələrində qol vuran ukraynalılar 1:0 hesablı səfər qələbəsi qazanıblar. İlk görüşdə də eyni nəticəyə sevinən “Karpatı” növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, vaxtilə Azərbaycan klublarında oynamış futbolçular da qaranlıqda qalanlar sırasında olublar. “Qəbələ”nin sabiq futbolçularından Tornike Aptsiauri “Zestafoni”ni kapitan kimi meydana çıxarıbsa, Zurab Mamaladze ehtiyatda oturub. “Bakı”nın sabiq hücumçusu Vilyam Batista isə “Karpatı”nın heyətində start “11-lik”də yer alıb.