Samir Abasov: Üçüncü qoldan sonra məqsədimiz nəticəni qorumaq idi
06.08.2010 - 09:53
Samir Abasov: Üçüncü qoldan sonra məqsədimiz nəticəni qorumaq idi
“Çətin oyun oldu. Səfərdə 1:0 hesabı ilə qələbə qazansaq da, bizi doğma meydanda nə gözlədiyini bilirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Samir Abasov deyib.

Dünən Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Visla” ilə qarşılaşan “Qarabağ” meydanı qalib tərk edib. Matçın birinci hissəsində rəqib qapısından 3 cavabsız top keçirən Ağdam təmsilçisi fasilədən sonra 2 dəfə cəzalandırılsa da, 3:2 hesabı ilə qələbə qazanıb. İki oyunun nəticəsinə görə, 4:2 hesabı ilə qələbə qazanan “Qarabağ” pley-offda mübarizəni davam etdirəcək.

Oyunun gərginliyindən danışan Abasov bildirib ki, erkən qollar vurmaqla nəticəni öz xeyirlərinə həll ediblər: “Erkən qol vurub, oyunun taleyini həll etdi. Bu gün stadiona toplaşan 30 min azarkeş bizə inanıb bura gəlmişdi. Biz də onların ümidini yerə vurmadıq. Sözün düzü, 3:0-dan sonra məqsədimiz nəticəni qorumaq idi. Buna görə də müdafiəyə diqqət yetirdik”.