Juravski: İlk yarıda 3 top buraxacağımızı heç gözləmirdim
06.08.2010 - 10:16
Juravski: İlk yarıda 3 top buraxacağımızı heç gözləmirdim
“Biz Bakıya ancaq qələbə qazanmaq üçün gəlmişdik. Başqa nəticə bizi qane etmədiyindən, bu haqda düşünmürdük”. Bu sözləri apasport.az saytına açıqlamasında Polşanın “Visla” klubunun futbolçusu Matey Juravski deyib.

Hələ püşk atılan zaman cütün favoriti hesab edilən Krakov təmsilçisinin məğlubiyyəti özləri üçün də gözlənilməz oldu. İlk oyunda minimal hesablı məğlubiyyətə baxmayaraq, Polşa futbolçuları Bakıya ümidli gəlmişdilər. Ancaq onlar paytaxtımızda da sürprizlə qarşılaşdılar. Nəticə barədə danışan Juravski “Qarabağ”ın birinci hissədə 3 top vuracağını gözləmədiyini bildirib: “Sözün düzü, qapımızdan 3 top buraxacağımız heç gözləmirdim. Müdafiədəki ani səhvlərdən komandanız maksimum istifadə etdi. “Qarabağ” texnikalı futbolçulardan qurulub. Onlar bizi daha çox əks-hücumlarda tutmağa çalışırdılar. Demək olar, buna da nail oldular. Əzmkarlığı da bura əlavə etsək, hər şey aydın olur. Nə edək, bu dəfə onlar güclü oldular və mərhələ adladılar”.