Qurban Qurbanov: “Neftçi” ilə oyunumuz təxirə salınmayacaq
06.08.2010 - 11:44
Qurban Qurbanov: “Neftçi” ilə oyunumuz təxirə salınmayacaq
“Neftçi” ilə oyun təxirə salınmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisinin Premyer Liqanın ilk turunda “Neftçi” ilə keçirəcəyi oyunun təxirə salınması gözlənilsə də, bu baş verməyəcək. Çünki “Qarabağ” yorğun olmasına rəğmən matçın təxirə salınması ilə bağlı PFL-ə müraciət etməyib. Qitə miqyaslı oyunlardan sonra futbolçuları daxili yarışlara motivasiya etməyə çalışacağını bildirən Qurbanov “Neftçi” ilə duelin maraqlı olacağını bildirib: “Fikrimcə, uşaqları “Neftçi” ilə oyuna kökləmək çətin olmayacaq. Sadəcə, ola bilsin, uşaqlarda bir az yorğunluq yaransın. Ehtiyac olarsa, “Visla” ilə matçda meydana çıxmayan oyunçulardan bir neçəsini meydana buraxarıq. Əvəzində digər futbolçularımıza bir qədər istirahət verək. Həqiqətən çox ağır oyun oldu. Futbolçularımız iki qat güc sərf ediblər və yorğundurlar”.