“Elə fikirləşməyin ki, “Liverpul”a qarşı oynamaq olmaz”
06.08.2010 - 12:29
“Elə fikirləşməyin ki, “Liverpul”a qarşı oynamaq olmaz”
“Qarabağ” “Visla”ya gözəl oyunla qalib gəldi və üç mərhələ keçdi. Bu, bütün Azərbaycan futbolunun qələbəsi idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Milli komandamızın ilk kapitanı kimi tarixə düşən veteran futbolçu bu qələbədə həmkarı, vaxtilə hücumda tərəfdaşı olan Qurban Qurbanovun rolunu qeyd edib: “Qarabağ” bütün hamımızı sevindirdi. Bu, möhtəşəm qələbə idi. Qazanılan uğurda baş məşqçi Qurban Qurbanovun və futbolçuların əməyi böyükdür. Mən onlara belə çıxışına görə təbrik edir, minnətdarlığımı çatdırıram. İnanıram ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinə düşəcək”.

Artıq “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşmək uğrunda mübarizədə potensial rəqibləri konkretləşib. Belə ki, komandamız “Liverpul” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Seltik” (Şotlandiya), “Levski” (Bolqarıstan) və “Styaua”dan (Rumıniya) biri ilə görüşəcək. Onlardan ən güclüləri – “Liverpul” və “Borussiya” elə Süleymanova yaxşı tanışdır: “Mən Rusiyanın “Alaniya” klubunun heyətində onlara qarşı avrokuboklarda oynamışam. Düzdür, bu, 90-cı illərdə olub və sözsüz ki, bu müddətdə futbol dəyişib. Bu da ilk növbədə oyun sürəti ilə bağlıdır. Futbolun irəli getməsi klublarımıza da şamil olunur. Elə “Qarabağ”ı götürək. Mən oynadığım vaxtdakı komanda ilə indiki arasındakı fərq böyükdür. Siz elə fikirləşirsiniz ki, “Liverpul”, “Borussiya” kimi rəqiblərə qarşı oynamaq olmaz? “Qarabağ”ın oyunu gələcəyə nikbin baxmağa əsas verir. “Liverpul”, “Borussiya” kimi komandalar vaxtilə bizim üçün əlçatmaz idi. Ancaq göründüyü kimi, indi onlarla görüşməyimiz realdır. İnşallah, bizim üçün ən münasibi olan Bolqarıstan “Levski”si düşər. Səfərdə yaxşı nəticə qazanıb, evdə mütləq qələbə qazanmaq lazımdır”.

Mehman SÜLEYMANOV