“Xəzər Universiteti”, “Neftçi”, “Karvan” və “Qarabağ”
06.08.2010 - 12:57
“Xəzər Universiteti”, “Neftçi”, “Karvan” və “Qarabağ”
“Qarabağ” avrokuboklarda ardıcıl ikinci mövsümdür bir mərhələdə hər iki oyunda qələbə qazanan ilk klubumuz oldu. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun məşqçisi olduğu komanda ötən il “Honka” (Finlandiya), bu dəfə isə “Visla” (Polşa) ilə görüşlərdə minimal fərqli qalibiyyət əldə etdi.

1999-cu ildən bu yana “Qarabağ”dan başlayaraq mərhələ keçsək də, hər iki oyunda qələbəni az əldə etmişik. İlk dəfə buna gözləmədiyimiz halda nail olmuşuq. Məsələ ondadır ki, “İnter”in varisi olan “Xəzər Universiteti” İntertoto kubokunda Avstriyanın “Bregens” klubuna ilk oyunda səfərdə 0:4 hesabı ilə uduzmuşdu. Ancaq rəqib komandada “lipa” futbolçu aşkarlayan UEFA-nın bizə texniki qələbə verməsi hər şeyi 180 dərəcə dəyişdi.

Növbəti mövsümdə Ağasəlim Mircavadovun baş məşqçisi olduğu “Neftçi” Çempionlar Liqasında “Hafnarfyordur”u (İslandiya) yenməklə, buna nail oldu. Bundan bir il sonra Yunis Hüseynovun çalışdırdığı “Karvan” UEFA kubokunda Slovakiya “Spartak”ını hər iki görüşdə 1:0 hesabı ilə yendi. Bununla da nəhayət, bu turnirdə də mərhələ adladıq. “Qarabağ” isə ötən il “Honka” üzərində qələbələrlə artıq Avroliqa adlanan turnirdə iki, “Visla”nı yenməklə avrokuboklarda üç mərhələ adlayan ilk klubumuz oldu. Sevindirici haldır ki, hər iki oyunda qələbələri öz mütəxəssislərimiz qazanır. “Qarabağ”ın hazırkı heyətinin böyük hissəsinin öz futbolçularımızdan təşkil olunması da sevindirici məqamdır.

Onlar “Visla”nın qapısına 7 dəqiqəyə (28, 33, 35-ci dəqiqələr) üç qol vurdu. İndiyə kimi heç bir təmsilçilərimiz nəinki bu qədər qısa müddətdə, ümumiyyətlə, bir hissədə üç qol vura bilməmişdi.

Qeyd edək ki, “Bakı” Avroliqanın cari mövsümdə Çernoqoriyanın “Buduçnost” klubuna hər iki oyunda 2:1 hesabı ilə qalib gəldi. Ancaq komandamızın kamerunlu yarımmüdafiəçi Jozel Epallenin cəzası bitmədiyi halda, meydana çıxdığından UEFA Bakıdakı görüşə görə rəqibə 2:0 hesablı texniki qələbə verdi.

Avrokuboklarda bir mərhələdə hər iki oyunda qələbə qazanan Azərbaycan klubları

2004/05 mövsümü
İntertoto kuboku, I mərhələ
“Bregens” (Avstriya) – “Xəzər Universiteti” – 0:3 (texniki qələbə)

“Xəzər Universiteti” – “Bregens” – 2:1

Qollar: Patrik Pirxer, Rəşad Abdullayev
Baş məşqçi: Böyükağa Ağayev

2005/06 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi
“Neftçi” – “Hafnarfyordur” (İslandiya) – 2:0

Qollar: Aqil Məmmədov, Tomislav Mişura
Baş məşqçi: Ağasəlim Mircavadov

“Hafranfyordur” – “Neftçi” – 1:2
Qollar: Aqil Məmmədov, Nadir Nəbiyev

2006/07 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
“Karvan” – “Spartak” (Slovakiya) – 1:0

Qol: Xalid Muradov

“Spartak” – “Karvan” – 0:1
Qol: Süleyman Kamara
Baş məşqçi: Yunis Hüseynov

2009/10 mövsümü
Avroliqa, II təsnifat mərhələsi
“Honka” (Finlandiya) – “Qarabağ” – 0:1

Qol: Elvin Məmmədov

“Qarabağ” – “Honka” – 2:1
Qollar: Elvin Məmmədov, Rəşad Sadıqov
Baş məşqçi: Qurban Qurbanov

2010/11 mövsümü
Avroliqa, III təsnifat mərhələsi
“Visla” (Polşa) – “Qarabağ” – 0:1

Qol: Vüqar Nadirov

“Qarabağ” – “Visla” – 3:2
Qollar: Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov
Baş məşqçi: Qurban Qurbanov

Mehman SÜLEYMANOV