Polşa mətbuatı: “Visla” sanki “Barselona”ya qarşı oynayırdı
06.08.2010 - 13:10
Polşa mətbuatı: “Visla” sanki “Barselona”ya qarşı oynayırdı
“Visla” dalbadal ikinci il Avropada çıxışlarını gülməli və biabırçı şəkildə başa vururlar. Azərbaycanlılar elə fon yaratmışdılar ki, sanki Henrik Kasperçakın yetirmələri “Barselona”ya qarşı oynayırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Polşa mətbuatında yer alıb.

Həmkarlarımız Avroliqanın III təsnifat mərhələsində “Visla”nın “Qarabağ”a məğlubiyyətini həzm edə bilmirlər. Onlar həmişə məğlub etdikləri Azərbaycan klublarının inkişaf etdiyini, əvəzində isə həmyerlilərinin zəiflədiyini qeyd ediblər: “Yığma və klub səviyyəsində həmişə üstələdiyimiz ölkənin 2 komandası bizə bu il əsl futbol dərsi keçdi. “Lex”in “İnter”lə oyunda lotereyada bəxti gətirsə də, “Qarabağ” “Visla”ya bu şansı vermədi”.

Mübarizəni dayandıran Krakov təmsilçisinin hər 2 oyunda məğlub olmalarını Polşa futbolunun “qaranlıq gələcəyi” kimi qiymətləndiriblər: “Artıq ölkəmizdə futbolun palçıqda çabalaması ilə barışmalıyıq. Çünki bunu azərbaycanlılar bir daha sübut etdilər. Onlar 8 dəqiqəyə 3 qol vuraraq, komandamızın nəyə qadir olduğunu Avropaya göstərdilər. Bu azmış kimi, “Visla” “Qarabağ”la oyunda Polşaya reytinq xalı da qazandıra bilmədi. Bir sözlə, artıq qitədə qapazaltı komandalardan olmuşuq”.

Qeyd edək ki, “Visla”nı səfərdə 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi evdə 3:2 hesabı ilə qələbə qazanıb.