Almir Hurtiç: Hakimlər bütün komandalara eyni gözlə baxmırlar
05.10.2010 - 14:19
Almir Hurtiç: Hakimlər bütün komandalara eyni gözlə baxmırlar
Salyanın “Muğan” klubunun bosniyalı baş məşqçisi Almir Hurtiçin apasport.az saytına müsahibəsi

- “Muğan” “Neftçi” və “İnter”lə oyunlarda yaxşı oynasa da, penaltidən məğlub oldu. Bu, sizin üçün təəssüfedici olmalıdır...
- “İnter”lə oyunda məğlub olsaq da, komandamın nümayiş etdirdiyi futboldan razıyam. “Muğan”ın Azərbaycan çempionatının ən güclü komandalarına qarşı necə futbol oynadığını hamı görür. İndiyədək keçirdiyimiz oyunlarda cəmi 3 dəfə məğlub olmuşuq. Çox təəssüf ki, iki oyunda penaltidən məğlub olduq. Onu deyim ki, hakimlər bütün komandalara eyni gözlə baxmırlar. “Neftçi” ilə oyunda penaltidən məğlub olduq, razıyıq. Ancaq “İnter”lə görüşdə qapımıza 11 metrlik cərimə zərbəsi verilirsə bizim də penaltimizi verilməli idi. Buna əsasən deyə bilərəm ki, münasibətlər eyni səviyyədə deyil. Bütün oyunlarda komanda oyunu oynayırıq. Nəticə bizim üçün əsasdır. Ancaq referilərin yanlış qərarları futbolçuların, məşqçilərin, klub rəhbərliyinin zəhmətini yerə vurur.

- Hakimlərin sizə qarşı ögey münasibət bəslədiyinizi düşünürsünüz?
- Bunu necə adlandıracağımız bilmirəm. Penalti elə bir şeydir ki, gərək bunu ölçüb-biçib, belə bir qərar vermək lazımdır. Ədalət prinsipi mütləq qorunmalıdır. Özünüzün də gördüyünüz kimi, bir penalti oyunun taleyini həll edir. Məncə, “İnter”lə görüşdə baş hakim son 20 dəqiqədə oyunun nəzarətini itirmişdi.

- Təbii ki, yaxşı oynayıb, ancaq xal qazana bilməmək futbolçulara psixoloji cəhətdən mənfi təsir edir. Bu cür hallardan sonra futbolçulara növbəti oyuna hazırlamaq çətin deyilmi?
- Bu, futboldur. Əvvəlcədən nə baş verəcəyini heç kim bilmir. Əlbəttə, müəyyən çətinliklər olur. Ancaq bizim futbolçular peşəkardırlar. Hər oyuna ciddi yanaşırlar.

- Komandanızın ilk “altılığ”a düşmək şansını necə qiymətləndirirsiniz?
- Ötən illə müqayisədə “Muğan” daha yaxşı təsir bağışlayır. Hər komanda kimi bizim də ilk “altılığ”a düşmək şanımız var. Bütün komandalar “Muğan”a hörmət eləməlidirlər. Zəif rəqib kimi qiymətləndirməməlidirlər. Qarşıdakı turlarda taktiki gedişlərdə müsbət mənada dəyişikliklər olacaq.

- Artıq milli komandanın oyunları ilə əlaqədar Unibank Premyer Liqasında fasilə yarandı. Fasiləni necə dəyərləndirəcəksiniz?
- “İnter”lə oyundan sonra futbolçulara 4 günlük istirahət verdim. Sabahdan hazırlığımızı bərpa edəcəyik. Bazar günü isə “Bakı” ilə yoldaşlıq görüşü keçirəcəyik.

- Necə düşünürsünüz, ötən illə müqayisədə milli çempionatın səviyyəsi inkişaf edibmi?
- Məncə, dəyişən bir şey yoxdur. Ötən il necə idisə, bu mövsüm də eynidir. Hər il olduğu kimi, güclü və iddialı komandalar öz mövqelərində qalıblar. Etdikləri transferlərlə, aldığı nəticələrlə diqqət çəkirlər. Söhbət “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” və sair komandalardan gedir. Düşünürəm ki, Azərbaycanın öndə gedən “Neftçi”, “İnter” kimi komandaları oyunu ədalətli şəkildə udmalıdırlar. Bəzən istisnalar olur. Yəni qələbəyə heç bir şübhə qalmır. Ümumiyyətlə, bu cür vəziyyət Azərbaycan futbolu üçün yaxşı hal sayılmır.

- “Muğan” oyunlarını və məşqlərini təbii ot örtüyündə keçsə də, hərdən süni meydanlarda oynamaq zəruriyyətə çevrilir. Bu hal futbolçulara necə təsir edir?
- Təbii ki, bu cür dəyişiklik futbolçulara pis təsir edir. Yaxşı olardı ki, futbolçular tez-tez meydançaları dəyişməsinlər. Yəni təbii ot örtüklü meydançalarda oynasınlar. Misal üçün, Azərbaycandakı süni örtüklü meydançalar standartlara cavab vermir. Avropa ölkələrində bu cür meydançalarda oyun keçirməyə icazə verilmir.