Rafael Əmirbəyov: Adamı yandıran odur ki, bu cür matçlarda...
05.10.2010 - 15:00
Rafael Əmirbəyov: Adamı yandıran odur ki, bu cür matçlarda...
“MOİK-lə oyunda qırmızı vərəqə aldım. Birinci sarı vərəqə şübhəli oldu, hakim verməyə bilərdi. İkinci sarı vərəqə zamanı isə əllə oynadım. Sözün düzü, bu, özümdən asılı olmadı. Sanki əl özü topa getdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun müdafiəçisi Rafael Əmirbəyov deyib. Cari mövsümə bu komandanın heyətində başlayan təcrübəli futbolçu arxada qalan 8 tur ərzində ikinci dəfə cəzalandırılıb. “Muğan”la matçdakı hərəkətinə görə 4 oyunu tribunadan izləməli olan Əmirbəyov MOİK-lə görüşdə aldığı qırımızı vərəqəyə görə AFFA-nın İntizam Komitəsi tərəfindən 1 oyun cəzalandırılıb.

Məsələyə münasibətini bildirən Rafael futbolda bu cür halların olmasını normal qarşılayıb: “Mən də düşünürəm ki, 8 tur ərzində 2 qırmızı vərəqə almaq çoxdur. Ancaq bu, futboldur, neyləmək olar. “Muğan”la oyunda qırmızı vərəqə almamışdım, məni sonradan diskvalifikasiya etdilər. Əlbəttə, 4 oyun lap çox idi. Fikrimcə, həmin hərəkətimə görə 2 oyunluq cəzalanmalı idim. Ancaq qərarı İntizam Komitəsi verir”.

Adətən yaşlı futbolçular sona qədər çatdıra bilmədiklərinə görə meydanda əsəbi olurlar. Bu da sonra vərəqə ilə cəzalanmağa gətirib çıxarır. Ancaq 34 yaşlı Rafael başqa cür düşünür: “Bunun yorğunluqla heç bir bağlılığı yoxdur. Sonuncu dəfə nə vaxt qırmızı vərəqə aldığım yadıma gəlmir. MOİK-lə oyundan 2 həftə əvvəl isə məşq prosesində zədələnmişdim. Bir həftədən artıqdır məşq etmirdim. Ancaq sonradan özümü toparladım”.

Müdafiəçi daha çox “Xəzər Lənkəran”la oyunu buraxacağına görə təəssüflənir: “Qarşıdan “Xəzər Lənkəran”la oyun gəlir. Adamı yandıran odur ki, bu cür matçlarda komandama kömək edə bilmirəm. Bu oyunda meydana çıxmayacağıma görə təəssüflənməyə bilmərəm”.