Ramal Hüseynovu əvəzlədi, onun kimi antirekordçu oldu
05.10.2010 - 15:52
Ramal Hüseynovu əvəzlədi, onun kimi antirekordçu oldu
“Gəncə” klubunun futbolçusu Rafael Əmirbəyov Unibank Premyer Liqasında cari mövsümün ilk antirekordçusu oldu. Apasport.az saytının hesablamalarına görə, təcrübəli müdafiəçi bu mövsüm AFFA-nın İntizam Komitəsi tərəfindən iki dəfə cəzalandırılan futbolçu oldu. Düzdür, Rafael IV turda “Muğan”la səfər oyununda qırmızı vərəqə almasa da, onun oyundan sonra rəqibə qarşı kobud hərəkəti buna layiq olduğundan, məsələsinə NK-da baxıldı. Nəticədə Əmirbəyov 4 oyunluq cəzaya və 4000 manat cəriməyə məruz qaldı. Müdafiəçinin cəzası bitəndən sonra yenidən intizamsızlığı ilə yadda qaldı. Belə ki, MOİK-i səfərdə 5:0 hesabı ilə yendikləri oyunda sonradan meydana çıxan Rafael iki sarı vərəqə alaraq, qovuldu. Bu dəfə cəzası yüngül olan futbolçu 1 oyunluq cəza və 200 manatlıq cərimə ilə canını qurtardı.

Maraqlıdır ki, Əmirbəyov 25-ci dəqiqədə zədələnərək, əvəzlədiyi Ramal Hüseynovun aqibəti ilə üzləşdi. Məsələ ondadır ki, ötən mövsüm məhz Ramal iki dəfə qırmızı vərəqə alaraq, İK tərəfindən cəzalanan ilk futbolçu olmuşdu. Həmin vaxt onlar komanda yoldaşı deyildilər, Hüseynov “Standard”da, Əmirbəyov “Bakı”da oynayırdı. Rafaellə Ramal “Bakı”da bir yerdə çıxış edib.