Bəhruz Şirəliyev: “İnter”in futbolçularının cəzalandırılacağını gözləyirdik
05.10.2010 - 16:22
Bəhruz Şirəliyev: “İnter”in futbolçularının cəzalandırılacağını gözləyirdik
“AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında “İnter”in futbolçularına cəza veriləcəyini gözləyirdik. Ancaq bu, olmayınca məsələ ilə bağlı maraqlandıq. Məlum oldu ki, komitə qərar çıxararkən əsasnaməni əsas götürüb”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Unibank Premyer Liqasının son turunda qalmaqalla yadda qalan “İnter” – “Muğan” oyununda baş hakim Elnur Muradov kobud səhvlərə yol verdi. Görüşdə əsasən “İnter”in futbolçuları aşkar kobudluq etsələr də, baş hakim ümumiyyətlə, qırmızı vərəqə göstərmədi. AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında isə yalnız Hakimlər Komitəsinə Muradov haqda lazımı ölçü götürülməsi tapşırıldı.

Şirəliyev “İnter”in gürcü müdafiəçisi İlya Kandelakinin cəzalanmalı olduğunu düşünür: “Futbolçularla bağlı qərar o vaxt çıxarıla bilərdi ki, hakim bunu görməsin. Ancaq bunlar Elnur Muradovun gözü qabağında olmuşdu. O, bu epizodu yalnız “İnter”in qapıçısı Dmitri Kramarenkonu sarı vərəqə göstərməklə dəyərləndirdi. Sadəcə, dava-dalaş zamanı İlya Kandelaki da futbolçumuz Anhel Qutyerresi vurur, ancaq hakim bunu görmür. Buna baxıb, həmin oyunçu haqda qərar çıxarmaq olardı. Muradov haqda ona görə ölçü götürmək qərara alınıb ki, onun Kramarenkoya göstərdiyi sarı vərəqə doğru deyil. Yəni bu, qırmızı vərəqəlik epizod idi”.

Muradov cəzalansa belə, bu, “Muğan” üçün təsəllidən başqa bir şey olmayacaq. Çünki onsuz da salyanlıların 0:1 hesabı ilə uduzduğu görüşdə xalları geri qaytarılmayacaq. Vitse-prezident hakimlərin səhvlərdən nəticə çıxartmasının vacibliyini qeyd edir: “Belə səhvlər hakimlərin məsuliyyətli olmağa sövq etməlidir. Söhbət təsəlli tapmağımızdan yox, bundan gedir. “İnter”in futbolçusu Aleksandr Çertoqanov iki dəfə futbolçumuza qarşı aşkar kobudluq etdi. Ancaq baş hakim bunların heç birində reaksiya göstərmədi, qırmızı vərəqə vermədi. Hər şey də bundan sonra başladı. Penalti ilə bağlı da səhvi oldu. Bizim qapımıza penalti zərbəsi təyin edir, ancaq eyni ilə “İnter”in qapısına olan qayda pozuntusuna görə yox. Hakimlərimiz bilməlidir ki, onların məsuliyyəti daha da artıb. Səhv elədim, bu, elə-belə getdi – belə şey olmamalıdır. Əsas məsələ məhz budur. Hakimin cəzalanması məsuliyyətinin artması deməkdir”.

Mehman SÜLEYMANOV