“Rəşadın “Əskişəhərspor”dakı taleyi haqda bir şey deyə bilmərəm”
05.10.2010 - 17:27
“Rəşadın “Əskişəhərspor”dakı taleyi haqda bir şey deyə bilmərəm”
“Əskişəhərspor”un baş məşqçi postuna təyinatım hələ reallaşmayıb. Mən bu klubun rəhbərliyi ilə sabah görüşəcəyəm”. Bu fikirləri apasport.az saytına eksklüziv açıqlamasında tanınmış türkiyəli mütəxəssis Bülənt Uyğun deyib. Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun oynadığı Türkiyənin “Əskişəhərspor” klubunda Rza Çalımbayın gedişindən sonra baş məşqçi postu vakant qalıb. Müxtəlif namizədlərin adlarını hallandıran türkiyəli həmkarlarımız bu gün daha bir xəbər yayıb.

Belə ki, məhz Uyğunun artıq “Əskişəhərspor”un yeni baş məşqçisi təyin olunduğu bildirilir. Ancaq gənc çalışdırıcı hələ bunun gerçəkləşmədiyini söyləsə də, variantı təkzib etmədi: “Əskişəhərspor”dan təklif almışam. Sabah rəhbərliklə danışığımız olacaq. Anlaşsaq, bu komandada işimə başlayacağam. Alınmazsa, digər variantlara baxacağam. “Əskişəhərspor”un baş məşqçisi olacağım indidən bəlli olmaz. Mühüm olan şərtlərdə anlaşmaqdır. Başqa şeylər önəmli deyil”.

Bizi əsas maraqlandıran Sadıqovun hələ debüt etmədiyi “Əskişəhərspor”da gələcək taleyidir. Yəni yeni baş məşqçi istefaya göndərilən həmkarının transferini oynatmaqda nə qədər maraqlı olacaq? Uyğunun sözlərinə görə, hər şey Rəşadın özündən asılıdır: “Mən Rəşad Sadıqovun “Əskişəhərspor”da oynadığını bilirəm. Azərbaycandakı hər kəsi sevirəm. Ölkəniz bizim üçün dəyərlidir. Azərbaycanın, azərilərin qəlbimizdə xüsusi yeri var. Rəşadla bağlı indidən bir şey deyə bilmərəm. Çünki hələ bu komandanın baş məşqçisi deyiləm. Gedərik, baxaraq. Əgər “Əskişəhərspor”la anlaşa bilsək, onda Sadıqov sərəncamımdakı futbolçulardan biri olacaq. Təbii ki, mən Rəşadı Türkiyədə əvvəllər oynadığı vaxtdan tanıyıram”.

Mehman SÜLEYMANOV