Elxan Məmmədov: Berti Foqts şok vəziyyətinə düşmüşdü - MÜSAHİBƏ
06.10.2010 - 10:00
Elxan Məmmədov: Berti Foqts şok vəziyyətinə düşmüşdü - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Milli komanda Avropa çempionatının seçmə qrup mərhələsində ikinci oyununu Vyanada Avstriya yığmasına qarşı keçirəcək. Bu qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Biz Vyanaya uduzmağa gəlməmişik. Ümid edirik ki, heyətdə itkimiz olmayacaq. Bilirsiniz ki, ötən səfər matçında 2 futbolçumuz zədə ilə üzləşdi. Komandada ab-hava da çox yaxşıdır. Bir daha vurğulayıram ki, millimiz Avstriyaya məğlub olmaq üçün gəlməyib.

- Azarkeş baxımından nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, AFFA rəhbərliyi milli komandanın oyunlarında çalışır ki azarkeşlərə kömək etsin. Yəni onları biletlə təmin etmək baxımından. Bu dəfə də AFFA Avstriya Futbol İttifaqından 400 bilet alıb və səfirlik vasitəsilə Avropada yaşayan tələbələrə və azərbaycanlılara paylayıb. Bundan başqa, ümid edirəm ki, Avropanın digər ölkələrində yaşayan həmvətənlərimiz də Avstriya ilə oyunda komandamıza dəstək verəcəklər.

- Avstriya və Türkiyə ilə oyunlar Berti Foqtsun Azərbaycan yığmasının baş məşqçisi postunda taleyinə təsir edə bilərmi?
- Seçmə mərhələ hələ təzə başlayıb. Milli komandamız qrupda hələlik 1 oyun keçirib. Qarşıda 2 oyunumuz var və bu barədə nəsə danışmaq düzgün olmazdı. Həm də Foqtsla müqavilə yeni bağlanıb. Bir sözlə, hesab etmirəm ki qarşıdakı 2 oyun alman çalışdırıcının fəaliyyətinə təsir etsin.

- Almaniyaya uduzacağımız gözlənilən idi, amma 6 qol buraxacağımız yox. Həmin böyük hesablı məğlubiyyətlə bağlı Berti Foqts AFFA rəhbərliyinə hesabat verib?
- Həmin məğlubiyyətin səbəbi o idi ki, komandamız son dəqiqlərə qədər oynamamışdı. Birinci və ikinci hissənin son dəqiqələrində 3 qol buraxdıq. Həmin qollar olmasaydı, hesab 3:1 olardı. Fikrimcə, bu hesabla çoxları barışardı. Eyni zamanda, hər şeyə real baxmaq lazımdır. Almaniya yığması hazırda dünyanın ən güclülərindən biridir və onlara qarşı oynamaq çox çətindir. Təbii ki, bu nəticə həm Foqtsu, həm də futbolçuları şok vəziyyətinə salmışdı. Düşünürəm ki, komanda üzvləri həmin oyundan dərs alıb, təcrübə toplayıb.

- Milli Komandamız noyabrın 17-də Çernoqoriya ilə səfərdə yoldaşlıq görüşü keçirəcək. Bundan sonra hansısa xarici ölkədə təlim-məşq toplanışı və ya sınaq matçı nəzərdə tutulubmu?
- Ola bilsin ki, təlim məşq toplanışı keçirilsin, amma hələlik dəqiq vaxtı bilinmir.

İxtiyar ƏSGƏROV. Vyana