“Qalatasaray”ın məşqçisi: Hiddink onları Azərbaycanda oynatmaq istədiyini dedi
06.10.2010 - 09:59
“Qalatasaray”ın məşqçisi: Hiddink onları Azərbaycanda oynatmaq istədiyini dedi
“Qus Hiddinklə bazar günü bir araya gəldik. Orada Frank Raykaard da iştirak edirdi və Adnan Sezginin otağında birlikdə söhbətləşdik. “Qalatasaray”la milli komandanın məşqçilər korpusunun bir görüşməsi oldu. Məşqçilərə vəziyyəti izah etdik. Hiddink Arda Turan və Hakan Baltanın cümə gününə qədər məşqlərdə edə biləcəklərini görmək istədiyini dilə gətirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qalatasaray” klubunun məşqçisi Yohan Neeskens deyib.

“Cim Bom”da həmyerlisi olan baş məşqçi Frank Raykaarda yardım edən hollandiyalı mütəxəssis aparıcı futbolçuları Arda Turanla Hakan Baltanın zədəli olmasından narahatdır. Neeskensin sözlərinə görə, Türkiyə yığmasının hollandiyalı baş məşqçisi Qus Hiddink hər iki futbolçunu Avro-2012-nin seçmə mərhələsində Almaniya və Azərbaycan milliləri ilə səfər oyunlarında meydana buraxa biləcəyinə ümidini itirmir: “Arda ilə Hakan yüz faiz hazır olsalar, Almaniyaya qarşı oynatmaq istədiyini bildirdi. Ən azından Azərbaycanla oyunda hazır vəziyyətdə meydana buraxmaq istədiyini söylədi. Arda ilə Hakanın məşqlərdə göstərdikləri forma ilə bağlı raportlar alırıq. Hiddinkin bu mövzularla əlaqədar nələr edəcəyini gözləyib, görəcəyik”.

Neeskens problemi olmadığını deyən həmyerlisi Hiddinklə fikir mübadiləsi apardıqlarını bildirib: “Hamımız məşqçiyik. Bu mövzu ilə bağlı düz qərar verib, oturub danışarıq. Nəyin doğru, nəyin səhv olduğunu mövzusunda fikir mübadiləsi apardıq. Mətbuatda belə şeyin olması yanlışdır. Mənim də, Raykaardın da Hiddinklə problemi yoxdur”.

Qeyd edək ki, Balta ilə müqayisədə zədəsi ciddi olan Turan oktyabrın 8-də Berlində, 4 gün sonra Bakıdakı oyunu buraxmalı olacaq.