Fabio Kapellonu Vaqif Cavadovun sabiq baş məşqçisi əvəzləyəcək
06.10.2010 - 10:20
Fabio Kapellonu Vaqif Cavadovun sabiq baş məşqçisi əvəzləyəcək
Almaniyanın “Volfsburq” klubunun baş məşqçisi Stiv Maklaren İngiltərə yığmasına qayıdır. Apasport.az saytının məlumatına görə, təcrübəli ingilis mütəxəssis italyan həmkarı Fabio Kapello 2012-ci ildə millidən gedəndən sonra onun əvəzləməyə əsas namizəd sayılır. İngiltərə Futbol Assosiasiyası yığmanın növbəti çalışdırıcısının yerli olacağını bəyan edib. Britaniyalı futbol məmurlarının fikrincə, üç il öncə İngiltərə yığması ilə Avropa çempionatının final mərhələsinə düşmədiyinə görə vəzifəsindən çıxarılan Maklaren həmin vaxt bu post üçün təcrübəsiz olub. Onun ikinci gəlişi İngiltərədə daha münasib sayılır.

Qeyd edək ki, Maklaren bu ilin qışında Hollandiyanın “Tvente” klubunu çalışdırdığı zamanı yığmamızın hücumçusu Vaqif Cavadovun “Qarabağ”dan keçidinə təşəbbüskar oldu. Ancaq Vaqifə bir oyunda şans verməyən ingilis mütəxəssis mövsüm bitəndən sonra çempion etdiyi komandanı tərk etdi.