“Xəzər Lənkəran” “Styaua”nın aparıcı futbolçusunu gətirir
06.10.2010 - 10:32
“Xəzər Lənkəran” “Styaua”nın aparıcı futbolçusunu gətirir
“Xəzər Lənkəran” klubunun qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi oyunçulardan birinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisinin rumıniyalı baş məşqçisi Mirça Rednik daha bir həmyerlisini komandasına gətirir. Bu, 2005-ci ildən Rumıniya milli komandasının üzvü olan Banel Nikolitadır.

Həmin vaxtdan Buxarestin məşhur “Styaua” klubunda oynayan 25 yaşlı yarımmüdafiəçi bu komandada 163 oyuna 20 qol vurub. Bu komanda ilə iki dəfə Rumıniya çempionu olan Nikolita hazırkı kapitan Kristian Tanaseyə qədər sarğını daşıyıb. Yarımmüdafiəçi əvvəllər “Daçiya” və “Timişoara”nın da şərəfini qoruyub.

Qeyd edək ki, yığmada keçirdiyi 30 matçda 1 qol vuran Banel həmin topu Avro-2008-in seçmə mərhələsində Sloveniyanın qapısından keçirib.