Emin Quliyev: I divizionda oynamaq heç də asan deyil
06.10.2010 - 11:51
Emin Quliyev: I divizionda oynamaq heç də asan deyil
“I divizionda oynamaq heç də asan deyil. Çünki komandaların hamısı yüksək yerlər uğrunda mübarizə aparır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Abşeron” klubunun təcrübəli futbolçusu Emin Quliyev deyib. Karyerası ərzində iddialı klubların formasını geyən, daim mükafatlar uğrunda mübarizə aparan, ölkə xaricində top qovan ilk futbolçularımızdan olan Emin hazırda I divizionda mübarizə aparan “Abşeron”da oynayır. Yığmanın sabiq üzvü mövsümün sonunda yenidən Premyer Liqada top qovacağına inanır: “Baş məşqçimiz Mirbağır İsayev yaxşı kollektiv formalaşdırıb. Gənclərlə təcrübəlilərin vəhdətindən yaradılan komandanın qarşısına Premyer Liqaya yüksəlmək məqsədi qoyulub. Hələ ki işimiz pis getmir. 4 oyundan maksimum xal toplamışıq və turnir cədvəlinə başçılıq edirik. İnşallah, məqsədimizə çatacağıq”.

Karyerasını hələ bitirmək haqda düşünməyən 33 yaşlı Quliyev bir neçə il də oynamaq istəyir: “Hələ bir neçə il oynamaq istəyirəm. Karyeramı nə vaxt bitirəcəyimlə bağlı indidən nəsə deyə bilmərəm”.