Berti Foqts: O, məni görən kimi əlinə qəzet götürdü
21.02.2011 - 10:49
Berti Foqts: O, məni görən kimi əlinə qəzet götürdü
“Mən Düsseldorf şəhərindəki restoranlardan birinə daxil oldum. Təsadüfən Mönhenqladbax “Borussiya”sının prezidenti Rolf Köniq də orada idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

65 yaşlı mütəxəssis bildirib ki, hazırda durumu ürəkaçan olmayan Mönhenqladbax təmsilçisinin rəhbərliyi ilə şəxsi problemləri var: “Lakin o, məni görən kimi, əlinə qəzet götürüb oxumağa başladı. Onun üçün hansısa qəzet məni salamlamaqdan vacib idi. Bu, mənim üçün ağır zərbə idi”.

Foqts karyerası boyu formasını geydiyi klubdakı baş məşqçi təyinatına da münasibət bildirib: “Lüsyen Favr yaxşı reputasiyaya malikdir. O, “Herta”da çox yaxşı çalışıb. Lakin yeni baş məşqçi daha tez təyin olunmalı idi”.

Lakin almaniyalı mütəxəssis “Borussiya”nı uğurlara daşıya biləcək məşqçi arzusundadır: “Yaxın 3-4 ildə Ştefan Effenberqi komandanın baş məşqçisi kimi görmək istəyərdim. Bu, “Borussiya” üçün çox yaxşı olardı”.