“Bu, vurduğum ən gözəl qollardan biri idi”
21.02.2011 - 12:07
“Bu, vurduğum ən gözəl qollardan biri idi”
“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Abdullayevin apasport.az saytına müsahibəsi

- Öncə AZAL-la oyun haqda fikirlərinizi öyrənmək istərdik...
- Çox gözəl və maraqlı keçdi. Meydana qələbə üçün çıxmışdıq, əsas 3 xal idi, onu da qazandıq. AZAL da yaxşı komandadır, layiqli rəqibdir. Ancaq biz daha yaxşı, güclü oynayıb, 3 xalı əldə etdik.

- Nəzərə alaq ki, qələbə heç də asan qazanılmadı. Oyunun gedişində hesabda üstünlüyü əldən verdiniz, qələbə topunu yalnız sona yaxın vurdunuz. Bunu ilə əlaqələndirərdiniz?
- Lider komandaya qarşı oyuna hamı yaxşı köklənir. AZAL kimi rəqiblərlə görüşlər isə çətin alınır. Çünki daha çox müdafiəyə fikir verərək, arxadan oynayırlar.

- “Xəzər Lənkəran”ın futbolçusu kimi, Lənkəranda ilk dəfə meydana çıxdınız. Öz oyununuzu necə qiymətləndirərdiniz?
- Öz meydanımızda ilk oyunumuz olduğundan, görüşə ciddi hazırlaşmışdıq. Baş məşqçi əsas heyətdə mənə şans verdi. Mən də çalışdım ki, özümü göstərim. Yəqin ki, oyunum uğurlu alındı. Bundan sonra əsas heyətdə yerimi möhkəmlətməyə çalışacağam.

- Komandanızın bu il ilk qolunun müəllifi oldunuz. AZAL-la görüşdə hesabı açıb, 1 məhsuldar ötürmə verdiniz. Bu mənada özünüzü oyunun qəhrəmanı sayırsınız?
- Heç vaxt təkcə özümü fərqləndirmirəm. Futbol kollektiv oyundur. Biz bir komandayıq və qələbədə tək mən yox, hamının zəhməti olub. Bu, bütün futbolçularımızın əziyyətinin nəticəsidir. Mənə elə gəlir ki, həmin gün oyunum uğurlu alındı. 1 qol vurdum, 1 məhsuldar ötürmə verdim. Sevinirəm ki, “Xəzər Lənkəran”ın bu il ilk qələbəsində öz töhfəmi verdim. İnşallah, gələn oyunlarda da uğurlu oynamağa çalışacağam.

- Vurduğunuz qol baxımlı alındı...
- Elədir. Bu, karyeramda vurduğum ən gözəl qollardan idi. Azarkeşlərimiz qarşısında ilk qolum çox gözəl alındı. Buna görə çox sevinirəm.

- Bunadək, vurduğumuz sonuncu qolu xatırlayırsınız?
- Bəli, cari mövsümdə fərqlənmişdim. “Muğan”ın heyətində oynadığım zaman ölkə kubokunda Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”ya qol vurmuşdum.

- Əsas heyətdə meydana çıxmağınız gözlənilməz oldu. Çoxlarının gözləmədiyi halda, Rahid Əmirquliyev ehtiyatda qalmışdı, siz yarımmüdafiənin mərkəzində yer almışdınız. Bunu özünüz gözləyirdiniz?
- Bu, baş məşqçinin seçimidir. Mirça Rednikin sərəncamında təxminən 25 futbolçu var. Deyib ki, mənim üçün fərqi yoxdur, hər futbolçuya şans verəcəyəm. Elə oldu ki, AZAL-la görüşdə mənə ilk dəqiqələrdən şans verdi. Bu il birinci matçda Rahidi oynatdı, indi isə məni. Bu baxımdan problem yoxdur. Rednik hər oyunçuya şans verir.

- Hesab etmirsiniz ki, uğurlu oyununuzdan sonra əsas heyətdə yer almaq sizin üstünlüyünüz olacaq?
- Nə deyim? Buna baş məşqçi qərar verəcək. Onun fikrinə hörmətlə yanaşıram. Meydana buraxsa, mənə inamını doğrultmağa çalışacağam. Ehtiyatda qalsam, öz vaxtımı gözləyəcəyəm. Rednikin öz taktiki gedişləri olur. O, taktikasına uyğun futbolçuları oynadır.

- Bundan sonra millimizdə də işləriniz yaxşı gedə bilər. Dubay toplanışına aparılsanız da, Macarıstanla yoldaşlıq görüşündə meydana buraxılmadınız və debütünüz sonraya qaldı...
- Bu da baş məşqçidən asılıdır. Berti Foqts çağırmazsa, yenə canı sağ olsun.

- “Altılıq” yaxınlaşmaqdadır. Çempionluq uğrunda mübarizədə şanslarınızı necə qiymətləndirərdiniz?
- Onu deyə bilərəm ki, çempionluq “altılıq”da həll olunacaq. Buna ilk mərhələdən sonra aydınlıq gələcək. Bizə son turda “İnter”lə oyunda 3 xal qazanmaq lazımdır ki, “altılığ”a rahat gedək. Bundan sonra isə hər oyun çempionluq uğrunda mübarizədə vacib olacaq.

- Ancaq bunadək “İnter”lə səfər oyununuz çox vacib və çətin olacaq. “Neftçi”nin son turda autsayder MOİK-lə görüşəcəyini nəzərə alsaq, qalib gəlməsi asan olacaq. Sizcə, “İnter”ə qalib gəlib, “Neftçi” ilə 1 xallıq fərqi qoruya biləcəksiniz?
- Bu, futboldur. Biz “İnter”lə oyundan 3 xalla ayrılmağa çalışacağıq. Yenə deyirəm ki, əsas oyunlar “altılıq”dadır və çempionluğun taleyi onda həll olunacaq. Bu, hələ ilk mərhələdir. İnşallah, “Xəzər Lənkəran”ın heyətində debüt mövsümüm uğurlu olaraq, çempionluğu qazanaram.

Mehman SÜLEYMANOV