Berti Foqts: Bizim futbolçular cəsarətsizdirlər
21.04.2011 - 12:20
 Berti Foqts: Bizim futbolçular cəsarətsizdirlər
“Bu tibbi müayinə ilə futbolçuların fiziki formasını müqayisə etmək istəyirəm. İlk göstəricilər müsbətdir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmamızın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis həftənin əvvəlində Frankfurt şəhərinə apardığı milli komandanın 4 günlük təlim-məşq toplanışı bu gün başa çatır. Bu, həm tibbi müayinə, həm də məşqlərdən ibarətdir. Foqtsun sözlərinə görə, tibbi müayinələr ildə 2 dəfə olacaq.

Alman həmkarlarımız Foqtsun sərəncamında olan 24 futbolçudan 17-nin 21 yaşadək istedadlı olmasını qeyd edirlər. Elə çalışdırıcımız da onların potensialının daha güclü klublarda oynamağa imkan verdiyini düşünür: “Sözsüz ki, 4 futbolçumuz Avropanın ən güclü liqalarından birində oynaya bilərlər. Mənim futbolçularım səfərdə hələ də ürəksizdir, cəsarətsizdirlər. Evdə isə onlar yetərincə inamlı oynayırlar. Bizim hələ evdə 4 oyunumuz var”.

Həmkarlarımız Foqtsun bu sözlərinin təsdiqi kimi cari seçmə mərhələdə hər 3 səfər oyunumuzda uduzmağımızı, evdə Türkiyəni 1:0 hesabı ilə yendiyimizi, ötən seçmə mərhələdə Rusiya ilə Bakıda 1:1-lik bərabərliyi göstəriblər. Onlar futbol ölkəsi saymadıqları Azərbaycan yığmasının yalnız milli çempionatımızdan təşkil olunduğunu, FİFA-nın reytinqində 139-cu yerə kimi geriləməsinə də toxunublar.

Ancaq Foqts bundan yuxarıda olmağımızı xatırladıb: “FİFA-nın reytinqində 95-ci pillədə də olmuşuq. Biz ən yaxşı futbolçularımızın beynəlxalq təcrübəsi hesabına irəli getməliyik”.

Alman həmkarlarımıza inansaq, Foqtsun millimizi Bakıya yola salaraq, vətənində qalacaq. O, mayın 12-də paytaxtımıza gəlib, çempionatın son mərhələsini və ölkə kubokunun finalını izləyəcək və milliyə namizədləri nəzərdən keçirəcək. Təcrübəli mütəxəssis mövsüm bitəndən sonra komandasının Avro-2012-nin seçmə mərhələsində Qazaxıstanla səfər, Almaniya ilə ev oyununa hazırlığına başlayacaq.