“Komandada “qan dəyişikliyi”nə ehtiyac var” - FOTO
02.05.2011 - 23:04
“Komandada “qan dəyişikliyi”nə ehtiyac var” - FOTO
“Premyer Liqaya yüksəldiyimizə görə bütün kollektivi, rəhbərliyi, məşqçi heyətini, futbolçuları - hər kəsi təbrik edirəm. Qarşımıza qoyulan ilk tapşırığın öhdəsindən gəldik. Düzdü, çətin oldu. Lakin sonda öz gücümüzü ortaya qoyub, hədəfə çatdıq. İndi bizi elitada daha çətin və gərgin mübarizə gözləyir". Apasport.az saytının xəbərinə görə, bunu növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Rəvan” klubunun baş məşqçisi Vladislaf Qədirov deyib.

Gənc çalışdırıcı elitaya yüksəlmələri ilə bağlı “Ekspressfutbol” qəzetinə müsahibəsində bildirib ki, hazırda komandası güclü kollektivlərlə başabaş mübarizə aparmaq iqtidarında deyil: Ona görə də komandada dəyişikliklər olacağı dəqiqdi: "Bəli, komandada "qan dəyişikliyi"nə ehtiyac var. Elitada mübarizə aparmaq üçün daha güclü kollektiv formalaşdırmalıyıq. Gələcək planlarımızı qarşıdakı günlərdə rəhbərliklə müzakirə edəcəyik. Həmçinin, mənim bundan sonra da baş məşqi postunda qalıb-qalmayacağım dəqiqləşəcək. Yəni ki, rəhbərlik nə desə, elə də olacaq".