Azərbaycan kubokundakı indiki hesablar kimə düşərlidir?
03.05.2011 - 16:24
Azərbaycan kubokundakı indiki hesablar kimə düşərlidir?
“Xəzər Lənkəran” Azərbaycan kuboku tarixində 3-cü dəfə cavab yarımfinal oyununa 1:0 hesablı üstünlüklə çıxacaq. Apasport.az saytının hesablamalarına görə, cənub təmsilçisi əvvəllər 2 mövsüm dalbadal – 2006 və 2007-ci illərdə ilk yarımfinal matçından sonra belə üstünlüyə malik olub.

Komanda ilk halda evdə qazandığı 1:0 hesablı qələbədən sonra mübarizədən kənarda qalıb. Bu, həmin vaxt Yevlaxda “Karvan”a böyük hesablı məğlubiyyət (0:3) nəticəsində oldu. “Ağ-yaşıllar” növbəti mövsümdə “İnter”i əvvəl səfərdə, sonra evdə 1:0 hesabı ilə yenərək, finala çıxdı və ilk dəfə kuboku qazandı.

Lənkəranlıların bu dəfəki rəqibi olan “Bakı” ötən mövsümün yarımfinalında 0:1 hesabı ilə uduzmuşdu. Ancaq fərq ondadır ki, bu, səfərdə yox, evdə olmuşdu. “İnter”ə öz meydanında 0:1 hesablı məğlubiyyətdən sonra çoxları “Bakı”nın finala çıxa bilməyəcəyini düşünürdü. Ancaq “zolaqlılar” səfərdə inamlı qələbə (3:1) sayəsində həlledici oyuna çıxdı və sonda elə “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə yenərək, kuboku qazandı.

Digər yarımfinal cütünü təşkil edən “İnter”lə AZAL-ın yarımfinalda da olmasa, hər halda, ölkə kubokunda 0:0 hesabı ilə nəticələnən ilk oyunları olub. AZAL hələ “Olimpik” adlanan vaxtda milli çempionatda debüt mövsümündə - “Bakı” ilə 1/8 finalda evdəki qolsuz bərabərlikdən sonra səfərdə 0:3 hesabı ilə yenildi və kubokdan kənarda qaldı. “İnter” isə bundan bir mövsüm əvvəl – güclülər dəstəsində bu adla debütü zamanı “Neftçi” ilə hər iki görüşdə 0:0 hesablı bərabərliyə qaldı. “Şəfa” stadionunda keçirilən həmin oyunda qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilsə də, bu da nəticəsiz qaldı. Sonda təyin edilən oyun sonrası penaltilər seriyasını dəqiq yerinə yetirən “bankirlər” finala kimi irəlilədi və orada “Bakı”ya 1:2 hesabı ilə uduzdu.

Göründüyü kimi, “Bakı” ilə “İnter” indiki hesablardan sonra mərhələ adlaya biliblər. “Xəzər Lənkəran” üçün də əksər vaxt 1:0 hesablı qələbə düşərli olub. Yalnız AZAL üçün ilk görüşdə qolsuz bərabərlik sonda uğursuz olub.


“Xəzər Lənkəran”ın Azərbaycan kubokunda 1:0 hesabı ilə qalib gəldiyi ilk oyunlar

2004/05 mövsümü
1/4 final mərhələsi
MOİK – “Xəzər Lənkəran” – 0:1, 0:1

2005/06 mövsümü
1/4 final
“MKT-Araz” – “Xəzər Lənkəran” – 0:1, 0:0
Yarımfinal
“Xəzər Lənkəran” - “Karvan” – 1:0, 0:3

2006/07 mövsümü
Yarımfinal
“İnter” – “Xəzər Lənkəran” – 0:1, 0:1


“Bakı”nın Azərbaycan kubokunda 0:1 hesabı ilə uduzduğu ilk oyunlar

2009/10 mövsümü
“Bakı” – “İnter” – 0:1, 3:1


“İnter”in Azərbaycan kubokunda 0:0 hesabı ilə nəticələndiyi ilk oyunlar

2004/05 mövsümü
1/4 final
“Neftçi” - “İnter” – 0:0, 0:0 (oyun sonrası penaltilər – 3:4)


AZAL-ın (keçmiş “Olimpik”in) Azərbaycan kubokunda 0:0 hesabı ilə nəticələndiyi ilk oyunlar

2005/06 mövsümü
1/8 final
“Olimpik” – “Bakı” – 0:0, 0:3

Mehman SÜLEYMANOV