“Bu kluba gələndə bilirdim ki, o dəqiqə heyətə düşən deyiləm”
10.05.2011 - 12:28
“Bu kluba gələndə bilirdim ki, o dəqiqə heyətə düşən deyiləm”
“Bu il həqiqətən mənim üçün çətin alındı. Öncə, “Mersin İdman Yurdu”yla, ardınca lisenziya ilə bağlı yaranmış problemlər məni futbolsuz qoymuşdu. Üstəlik, arada zədə də almışdım. Amma daim öz üzərimdə işləyirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu İlqar Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının hesabat turunda “Xəzər Lənkəran”la vacib oyunda komandasını məğlubiyyətdən qurtaran 25 yaşlı yarımmüdafiəçi Ağdam klubunun rəsmi saytına açıqlama verib. Lənkəran təmsilçisi ilə qarşılaşmada debüt edən Qurbanov bildirib ki, “Qarabağ”ı seçərkən əsas heyətə düşməyinin heç də asan olmayacağını bilirmiş: “Bu kluba gələndə bilirdim ki, o dəqiqə heyətə düşən deyiləm. Öncədən də komandada olan rəqabətdən xəbərim var idi. Çalışmaqla öz zamanımı gözləməliyəm. Bilirdim ki, baş məşqçimiz Qurban Qurbanov özümü göstərmək üçün mənə mütləq şans verəcək. Son 2 oyunda “18”liyə düşdüm. Zamanımın yavaş-yavaş yetişdiyini hiss edirdim. Elə oldu ki, “Xəzər Lənkəran”la oyunda bu şansı qazandım”.

Yarımmüdafiəçinin sözlərinə görə, debütdə çıxışı yaxşı alınıb: “Meydana çox istəkli çıxmışdım. Komandama yararlı olmağa çalışırdım. Allahın izniylə, pis alınmadı. Bu o demək deyil ki, qol vurdum, hər şey bitdi. Düzdü, bu qol mənə stimul oldu. Amma daha çox çalışmaq lazım olduğunu bilirəm. Bizim komandada çox güclü rəqabət var. Heyət də genişdi. İnşallah, “Qarabağ”a daha da faydalı olmağa çalışacam”.

Qurbanov bildirib ki, Vüqar Nadirovu əvəzləyərkən baş məşqçi ona “Xəzər Lənkəran”ın boş mövqelərini göstərib və bunun nəticəsində də fərqlənib: “Qurban müəllim mənə daha çox soldan hücum etməyi söylədi. Dedi ki, amma müdafiə olunduğun zaman zonanı da bağla. Belə deyək, 70 faiz hücumu düşünməliydim. Eyni zamanda mənə bildirdi ki daim axtarışda ol və mərkəzə yollar axtar. Rəqibin 2 müdafiəçisi konkret adam tutmadığına görə bundan istifadə etməliydim. Qol epizodunda da məhz belə hərəkət etdim”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” matçında hesabı ev sahibləri açsalar da, sonda Qurbanov oyunda tarazlıq yaradıb.