Qyoko Hacıyevski: Mən bu komandaya ürəyimi vermişəm - MÜSAHİBƏ
10.05.2011 - 13:00
Qyoko Hacıyevski: Mən bu komandaya ürəyimi vermişəm - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasından I diviziona düşən Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevskinin apasport.az saytına müsahibəsi

- Azərbaycandakı klub karyeranızdakı 100-cü oyun sizin üçün düşərli olmadı. Halbuki, yubiley matçında son pillədə qərarlaşan MOİK üzərində qalib gələcəyiniz gözlənilirdi. Ancaq I diviziona düşəcəyiniz artıq sona 2 tur qalmış dəqiqləşdi...
- Biz məğlubiyyətə layiq deyildik. Oyuna baxanlar bunu təsdiqləyə bilərlər. MOİK-dən daha yaxşı təsir bağışladıq. Təsəvvür edin ki, rəqib ilk 30 dəqiqədə cəmi 2 dəfə hücuma keçə bildi. Ancaq nə etmək olar? Futbolda heç də həmişə yaxşı oynayan qalib gəlmir. Futbolçumuz Əli Bağırovun 1 dəqiqəyə aldığı 2 sarı vərəqə görüşün taleyini həll etdi. Niyə belə etdiyini ancaq onun özü bilər. Əvvəlcə kobudluq etdi, sonra əllə oynadı. Axı futbolçu hesabında bir sarı vərəqə ola-ola, meydanın mərkəzində lazımsız halda niyə əllə oynamalıdır? Bundan sonra 60 dəqiqə bir nəfər azlıqda qaldıq və işimiz çətinləşdi. Bununla belə, təşəbbüs yenə də bizim tərəfdə idi, hücum edirdik. Təəssüf ki, qol vura bilmədik.

- Bununla, məşqçilik karyeranızda ən böyük uğursuzluq yaşadığınızı söyləmək olar?
- Bəli. Məşqçilik karyeramda indiyədək belə uğursuz mövsüm keçirməmişdim. Komandalarımdan hansısa turnir cədvəlində belə aşağı yerdə olmamışdı. Bu 1 il mənim üçün çətin, yorucu oldu. Ancaq məni əsas təəssüfləndirən futbolçuların işə münasibətidir. Görünür, onlar Azərbaycan çempionatının, güclülər dəstəsinin iştirakçısı olmağın məsuliyyətini bilmirlər. Futbolçu vacib oyunda meydanda belə yersiz hərəkət edib, komandanı çətin vəziyyətdə qoyandan sonra məşqçi nə edə bilər? Başa düşürəm ki, dahi komandalar, futbolçular da səhv edə bilərlər. Ancaq bizim futbolçular bağışlanmaz səhvlər, məsuliyyətsizlik edirlər. Belə şeylərin nəticəsində xeyli xal itirdik.

- Ancaq ötən il komanda siyasətini dəyişərək, legionerləri kənarlaşdırıb, heyətini əsasən gənc, təcrübəsiz futbolçulardan qurandan sonra belə aqibətlə üzləşəcəyinizi gözləmək olardı...
- Mən “Simurq”a çətin vəziyyətdə kömək etmək istədim. Komandanın heyətində ciddi dəyişiklər olsa da, pis təsir bağışlamırdıq. “Turan”la xallarımız bərabər idi. Qış fasiləsində bir sıra təcrübəli futbolçular transfer etdik ki, onların Premyer Liqada qalmaq uğrunda bizə kömək edəcəklərini düşünürdük. Ancaq onlar ümidlərimizi doğrultmadı. Nəticədə çox oyunlarda xidmətlərindən istifadə edə bilmədik, köməksiz qaldıq. Zədə, fiziki hazırlıqla bağlı problemlər öz sözünü dedi.

- Son 2 oyun sizin üçün formal xarakter daşıyacaq. Bu mənada indi postunuzdan getməyi düşünmədiniz?
- Yox. Klubla cari mövsümün sonuna kimi müqaviləm var. Onsuz da 2 oyunumuz qalıb. Mövsümü bitirməyi lazım bildim.

- Bəs bundan sonra?
- Hələ bilinmir. Rəhbərliklə görüşüm olacaq. Prezidentimizin də klubun sponsorları ilə gələcək planlarla bağlı görüşəcək.

- MOİK-ə məğlubiyyətdən sonra klub prezidenti Zaur Məmmədovla heç söhbətiniz olmayıb?
- Oyundan dərhal sonra oldu. Ancaq daha geniş söhbətə ehtiyac var. İndi isə bunun zamanı deyil. Bunu mövsüm bitəndən sonraya saxlamışıq. Rəhbərlik mənim bu 1 ildə necə çalışdığımı, işimə necə ciddi yanaşdığımı görüb. Hazırlığa həmişə ciddi diqqət yetirmişəm. Komandaya ürəyimi vermişəm, vicdanla işləmişəm. Ancaq futbolçular işlərinə məsuliyyətlə yanaşmırlarsa, baş məşqçi köməksiz qalır. Bu zaman nəticə qazanmaq qeyri-mümkündür. Cari mövsümdə 20 azərbaycanlı futbolçuya şans verdim. Ancaq çoxu etimadı doğrultmadı. Bilmirəm, işlərinə belə münasibət göstərən futbolçular başqa komandaya necə keçə biləcəklər?

- Sizcə, Azərbaycan çempionu olan baş məşqçinin I divizionda işləməsinin mənası var?
- İndiki vəziyyətdə yoxdur. Ancaq klub I divizionla bağlı planlarına aydınlıq gətirməlidir. Bundan sonra gələcək əməkdaşlıq haqda danışa bilərik. Ancaq indiki heyətlə nəticə qazanmaq çox çətindir. Fikir verin, ilk “onluq”da komandalar 10-15 legionerlər oynayır. Bizdə isə heç biri yoxdur.

- Komanda I divizionda heyətini gücləndirib, Premyer Liqaya qayıtmağı qarşısına məqsəd qoysa, qalmağa razı olarsınız?
- Belə məsələləri gərək ilk öncə rəhbərliklə müzakirə edim. Bunu əvvəlcə mətbuatla, sonra rəhbərliklə müzakirə etsəm, düzgün çıxmaz.

- Hansı amil sizi “Simurq”da saxlaya bilər?
- “Simurq”un növbəti mövsümdə də Premyer Liqada saxlanılmasına imkan yaradılmasını istərdim. Mən bilmirəm, AFFA gələn mövsümdə komandaların sayını 14 edəcək, ya yox. “Simurq”u Premyer Liqada saxlaya bilməməyimiz mənim üçün üzücüdür. Mən “Simurq”un azarkeşləri, zaqatalalılar qarşısında bəraət qazanmaq istərdim. Buna imkan yaradılsaydı, yaxşı olardı.

Mehman SÜLEYMANOV