Əvvəl “Bakı”ya, indi “Qalatasaray”a təklif edildi
10.05.2011 - 16:59
Əvvəl “Bakı”ya, indi “Qalatasaray”a təklif edildi
“Qalatasaray” klubunun baş məşqçi postuna daha bir tanınmış mütəxəssis namizəd olub. Apasport.az saytının məlumatına görə, Zaqreb “Dinamo”sunun bosniyalı çalışdırıcısı Vahid Həlilhociç “Cim Bom”a təklif edilib.

Bosniya mətbuatında artıq bununla bağlı xəbərlər yer alıb. İstanbul klubu ona ən böyük uğurlar qazandıran keçmiş baş məşqçisi Fatih Terimlə anlaşa bilməsə, Həlilhociçi gətirmək fikrindədir.

Bir vaxtlar “Trabzonspor”un baş məşqçisi olan bosniyalı Türkiyəyə qayıtmaq istəyir. “Dinamo”da işləri yaxşı getməyən Həlilhociç klubun rəhbəri Zdravko Mamiçlə dalaşaraq stress keçirib və infarkt təhlükəsinə qarşı xəstəxanaya yollanıb: “Dinamo”dan ayrılmağımı istəyən insanlar var. Baş verənlər olaylardan sonra özümə gələ bilmədim. İnfarkta yaxın bir narahatçılıqdan dolayı xəstəxanaya baş vurdum”.

Təcrübəli mütəxəssisin 2005-ci ildə “Trabzonspor”a gəldiyi vaxtda meneceri olan Nərmin Çengiç Türkiyəyə qayıtmasının mümkünlünə işarə vurub: “Əgər Həlilhociç “Dinamo”dan ayrılarsa, yoluna Türkiyədə davam edə bilər. O, “Qalatasaray”ın baş məşqçisi postuna ən uyğun namizədlərdəndir. Klubun Terimlə danışıqları hələ davam edir. Qısa müddət öncə onun rəsmilərindən biri ilə görüşdüm. Əgər Terimlə anlaşmazlarsa, Həlilhociç mövzusunda istəklidirlər”.

Qeyd edək ki, “Dinamo” Həlilhociçin rəhbərliyi altında liqanın bitməsinə 4 həftə qalmış çempionluğu elan edib. Mütəxəssis ötən yay Zaqreb klubuna gəlişinə qədər namizədlər sırasında olduğu “Bakı” klubuna təklif edildi.