Təbriz Həsənovun “Pobeda”sı
10.05.2011 - 17:30
Təbriz Həsənovun “Pobeda”sı
Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət milli komandası uğurlu seriyasını davam etdirir. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri beynəlxalq matçlarda ardıcıl 5-ci qələbəsini qazanıb. Düzdür, bu qarşılaşmaların birinin taleyi penaltilər seriyasında həll olunub, lakin qələbə - qələbədir.

Sonuncu dəfə 59 gün əvvəl məğlub olan U-17 Türkiyədə keçirilən Beynəlxalq Kuşadası turnirinin 3-cü yer uğrunda oyununda yenilmişdi. Həmin vaxt – martın 12-də komandamız Türkiyənin Şərq regionu yığmasına 0:1 hesabı ilə uduzmuşdu.

Bundan sonra Həsənovun “Pobeda” maşını işə düşüb. Qələbələri sıralayan yığmamız Qazaxıstanda keçirilən “Prezident kuboku”nda 4 komandanı arxada qoyub. Qrup mərhələsində İranı 2:1, Qazaxıstanı 3:2, Özbəkistanı 3:1 hesabı ilə məğlub edən millimiz finalda Ukraynanı üstələyib. Lakin bu dəfə qolsuz bitən görüşün taleyi oyun sonrası lotereyada həll olunub - 5:4.

Moldovadakı beynəlxalq turnirə yüksək əhval ruhiyyədə yollanan “Pobeda”mız elə ilk oyunda əzmkar qələbə qazanıb. Bu dəfə Litva yığması maşının altında qalıb – 2:1.

Qeyd edək ki, 1946-cı ildən istehsala başlayan “Pobeda” maşınları Böyük Vətən Müharibəsindəki qələbəyə həsr olunub və ruscadan tərcümədə qələbə deməkdir.