Roman Pavlyuçenko: Aleksandr Starkovun gedişi məni çox sevindirdi
11.05.2011 - 09:44
Roman Pavlyuçenko: Aleksandr Starkovun gedişi məni çox sevindirdi
Rusiya millisinin futbolçusu Roman Pavlyuçenko “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkovla problemlərini unuda bilmir. Apasport.az saytının məlumatına görə, hazırda İngiltərədə “Tottenhem”in uğurları üçün tər tökən hücumçu əlinə düşən hər imkanda latviyalı mütəxəssis haqda fikirlərini açıqlayır.

Pavlyuçenko verdiyi sonuncu müsahibədə də Starkovun Moskva “Spartak”ında çalışdığı dövrə toxunub: “Məşqçilərin işi belədir: gəlirlər ki, sonradan istefa versinlər. Aleks Ferqyusson kimi əbədilər demək olar yoxdur. Qus Hiddink də Rusiya yığmasından ayrılanda təəssüflənirdim. Mən onun qalmasını istəyirdim. Elə “Spartak”da oynadığım vaxt da komandadan çıxarılan hər məşqçi ilə ayrılmaq çox ağır idi. Lakin “Spartak”da bir adam var idi ki, onun gedişi məni çox sevindirdi. O, indi Azərbaycanda çalışır, ona uğurlar arzulayın”.

Qeyd edək ki, “Spartak”ın sabiq baş məşqçilərindən yalnız Starkov hazırda Azərbaycanda çalışır.