Lənkəranda sonuncu matç, Bakıda ölüm-dirim mübarizəsi
11.05.2011 - 10:17
Lənkəranda sonuncu matç, Bakıda ölüm-dirim mübarizəsi
Sabah Azərbaycan Premyer Liqasında XXXI turun qarşılaşmalarına start veriləcək. Apasport.az saytının məlumatına görə, son 2 tur adət etdiyimiz kimi şənbə və bazar günləri yox, həftəiçi keçiriləcək. İlk oyun günündə ikinci, ertəsi ilk “altılığ”ın görüşlərini izləyə biləcəyik.

Əslində, 7-12-ci yerlər uğrunda mübarizədə artıq hər şey formal xarakter daşıyır. Çünki MOİK-in ardınca Premyer Liqamızdan gedən digər komandanın “Simurq” olması ötən tur dəqiqləşdi. Halbuki, çoxları buna “Turan”la “Simurq”un sabahkı görüşündə aydınlıq gələcəyini gözləyirdi. Buna ehtiyac olmadı və Tovuzdakı oyunda meydan sahibləri sadəcə, uzun fasilədən sonra qalib gələrək, azarkeşlərini sevindirməlidir. Buna Naci Şensoyun istefaya göndərilməsindən sonra cari mövsümün sonuna kimi baş məşqçi postu tapşırılan Asim İbrahimov nail olmağa çalışacaq.

“Muğan” cari mövsümdə arzuolunmaz rəqibi MOİK-i qonaq edəcək. Son pillənin sahibi debütdə məhz salyanlıları yenərək, cari mövsümdə evdə rəqibinə uduzmadı. “Gəncə” ilə “Qəbələ”nin görüşlərində maraqlı məqam qalibin hələ müəyyənləşməsidir. Komandalar ilk dəfə cari mövsümdə üzləşirlər və arxada qalan 3 oyunun hamısı heç-heçə nəticələnib.

İlk “altılıq”dakı mübarizədə medalçılar artıq müəyyənləşsə də, qızılı qazanan “Neftçi”dən fərqli, gümüş və bürüncə kimin sahib çıxacağı dəqiqləşməyib. 2-ci yerdə gedən “Xəzər Lənkəran” ən yaxın izləyicisi olan “Qarabağ”la ötən turdakı ev oyununda qələbəni uzatmaq dəqiqələrində əldən verməsəydi, gümüş mükafatını demək olar təmin edəcəkdi. Ancaq lənkəranlılar rəqibini turnir cədvəlində özündən irəli buraxmadığından, yenə buna ən şanslıdır.

Hər halda, hər şey “Xəzər Lənkəran”ın öz əlindədir. Mirça Rednikin yetirmələri son 2 oyunda qalib gəlsə, “Qarabağ”ın nəticələrindən asılı olmayaraq gümüş medalı qazanacaq. Özü də “ağ-yaşıllar”ın qalan 2 rəqibi “Bakı” ilə "Neftçi”dir ki, onlar üçün nəticə turnir cədvəlində önəm kəsb etmir.

“Qarabağ” 1 ildən sonra Ağdamda meydana çıxacaq. Bu, komandanın Quzanlıdakı arenasında cari mövsümdə ilk və son ev oyunu olacaq. Lənkəranda isə cari mövsümdə son oyun keçiriləcək. “Xəzər Lənkəran” qalan 2 görüşünü Bakıda keçirəcək ki, bunlardan biri “Neftçi” çempionat, digəri “İnter”lə ölkə kubokunun final matçıdır. Cənublular kubokda səfər qolu hesabına keçdikləri “Bakı”nı çempionatda da uzun fasilədən sonra yenib, azarkeşlərini son ev oyununda sevindirməlidir.

Turun ən maraqlı oyununun “İnter”lə AZAL arasında olacağını desək, yanılmarıq. Axı xalları bərabər olan bu paytaxt təmsilçiləri 4-cü yer uğrunda gərgin, ölüm-dirim mübarizəsi aparırlar. Məlum olduğu kimi, finala çıxan “Xəzər Lənkəran” ölkə kubokunu qazanarsa, 4-cü pillənin sahibi Avroliqaya vəsiqə qazanacaq. “İnter” AZAL-la ev oyunundan maksimum yararlanıb, rəqibini 5-ci pilləyə yuvarlamalıdır. Bu zaman 3 xallıq fərq sona 1 tur qalmış böyük üstünlük olacaq. Ancaq bərabərliyin son çempiona heç sərf etmədiyini deyə bilərik.

Çünki AZAL cari mövsümdə 2 dəfə “İnter”ə qalib gəldiyindən, qalan 1 oyun heç-heçə nəticələndiyindən, şəxsi oyunlarda üstünlük onun tərəfindədir. “Təyyarəçilər”in kubokun finalına çıxmasına məhz “İnter” yarımfinalında səfər qələbəsi ilə imkan vermədiyindən, əvəz çıxmaq üçün yaxşı imkan ələ düşüb.

12 may

16:00. “Muğan” – MOİK
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 2:3, 1:0, 0:0

16:00. “Gəncə” – “Qəbələ”
Gəncə. Şəhər stadionu
Cari mövsümdəki oyunlar - 0:0, 0:0, 1:1

16:00. “Turan” – “Simurq”
Tovuz. Şəhər stadionu
Cari mövsümdəki oyunlar - 1:1, 2:2, 1:0

13 may

15:00. “Qarabağ” – “Neftçi”
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar – 1:1, 0:1, 0:2

18:30. “Xəzər Lənkəran” – “Bakı”
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdəki oyunlar - 1:1, 1:1, 0:0

19:00. “İnter” – AZAL
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar - 0:5, 1:1, 0:1

Turnir cədvəli

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

30

19

9

2

52-13

66

2

Xəzər Lənkəran

30

15

11

4

35-17

56

3

Qarabağ

30

16

7

7

37-19

55

4

AZAL

30

12

9

9

33-27

45

5

İnter

30

12

9

9

28-24

45

6

Bakı

30

10

10

10

33-29

40

7

Qəbələ

30

12

11

7

29-17

47

8

Muğan

30

12

8

10

27-29

44

9

Gəncə

30

8

11

11

30-32

35

10

Turan

30

6

6

18

21-42

24

11

Simurq

30

3

7

20

15-47

16

12

MOİK

30

3

6

21

10-53

15



Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.
0