“Vəziyyətimə milli komandanın həkimləri qərar verəcək”
25.05.2011 - 12:11
“Vəziyyətimə milli komandanın həkimləri qərar verəcək”
“Xəzər Lənkəran”la oyunda aldığım zədə ciddi deyil. Sadəcə, 2-ci hissənin sonuna yaxın əzələm dartıldığı üçün görüşü davam etdirə bilmədim və əvəzlənməli oldum”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Aleksandr Çertoqanov deyib.

Yığmamızın da üzvü olan 31 yaşlı milliləşdirilən ukraynalı yarımmüdafiəçi NBC Bank Azərbaycan kubokunun finalında “Xəzər Lənkəran”la matçın 81-ci dəqiqəsində zədələndiyindən, gürcü müdafiəçi Kaxaber Mjavanadze ilə əvəzləndi.

Çertoqanov millimizin Avro-2012-nin seçmə mərhələsində Qazaxıstan və Almaniya yığmaları ilə oyunlara çağırıldığından, onun durumu maraq doğurur. Ancaq Çertoqanov ciddi narahatçılığa əsas görmür: “İndi vəziyyətim normaldır, ayağımda ağrılar yoxdur. Ola bilər ki, qaçanda ağrısın. Sabah saat 15:00-da milli komandanın düşərgəsində olmalıyam. Yığmanın həkimləri zədəmi müayinə edərək, qərar verəcəklər. Ümid edirəm ki, ciddi problem olmayacaq və rəsmi oyunlara hazırlaşan millinin heyətindən kənarda qalmayacağam”.

2004-cü ildən fasiləsiz ölkəmizdə oynayan Çertoqanov debüt mövsümündə “Bakı” ilə ölkə kubokunu qazanıb və onda indiki komandasına qalib gəlib. Ancaq bundan sonra 6 ildir Azərbaycan kubokunu qazana bilməyən ukraynalının həsrəti ən az 1 mövsüm də çəkəcək: “Yenidən Azərbaycan kubokunun sahibi olmağı çox istəyirdim. Ancaq təəssüf ki, buna nail ola bilmədim. Fikrimcə, uduzmağımızın əsas səbəblərindən biri qol imkanlarımızı boşa verməyimiz oldu. Elə mənim də yaxşı şansım oldu. Bundan istifadə edə bilmədiyimə görə çox üzülürəm. Düzdür, əlavə vaxtda “Xəzər Lənkəran” qol vurandan sonra hesabı bərabərləşdirə bildik. Penalti isə bir lotereyadır. Orada kimin əsəbləri daha möhkəm olursa, o da qalib gəlir. “Xəzər Lənkəran” penaltilərdə üstün oldusa, deməli, əsəbləri bizdən daha möhkəm idi”.

Aleksandr 2 ildir oynadığı “İnter”lə ötən mövsüm qızıl medal qazandı və bu, onun hələ ki yeganə Azərbaycan çempionluğudur. Yarımmüdafiəçi dəyərləndirdiyi son mövsümü isə uğursuz sayır: “Əgər çempionatı 5-ci yerdə bitirdiksə, avrokuboklara düşmədiksə, bu, çox pisdir. Biz mövsümün əvvəlində daha yüksək pillələri, mükafatçılar sırasında olmağa köklənmişdik. Ancaq buna nail bilmədik və 4-cü pillədə olan AZAL Avroliqaya yollandı. Necə deyərlər, qalibi mühakimə etmirlər və kim həmin yerdədirsə, o da getməlidir. Avrokuboklara vəsiqə AZAL-a qismət oldusa, deməli, onlar buna layiqdir. “İnter”dəki gələcək taleyimə gəlincə, millimizin oyunlarından sonra vətənimə yollanacağam. Klubumla müqaviləmin bitməsinə hələ 1 ay var və istirahətdən qayıdandan sonra yeni anlaşma ilə bağlı danışıq aparacağam”.

Mehman SÜLEYMANOV