Sadıq Sadıqovdan “Xəzər Lənkəran”a təbrik
25.05.2011 - 12:49
Sadıq Sadıqovdan “Xəzər Lənkəran”a təbrik
"Neftçi" klubunun prezidenti Sadıq Sadıqov NBC Bank Azərbaycan kuboku uğrunda yarışın 2010/11 mövsümünün qalibi olan "Xəzər Lənkəran"ı təbrik edib. Apasport.az saytının məlumatına görə, klub rəhbəri komandasının prinsipial rəqibinə təbriklərini çatdırmaqla yanaşı, “ağ-yaşıllar”a qarşıdakı turnirlərdə də uğurlar arzulayıb: "Finalda "İnter"ə qalib gələn "Xəzər Lənkəran" yarışın layiqli qalibi oldu. Bu münasibətlə "Xəzər Lənkəran" klubunun bütün kollektivini, o cümlədən fəxri prezident Mübariz Mənsimovu və prezident Mais Mənsimovu təbrik edirəm. Lənkəran təmsilçisinə Avroliqada uğurla çıxış etməyi, ölkəmizin idman şərəfini daha da yüksəklərə qaldırmağı arzulayıram".

Ölkə çempionunun prezidenti Azərbaycan futbolunun inkişafı haqda da fikirlərini açıqlayıb: “AFFA rəhbərliyinin səyi nəticəsində Azərbaycan Premyer Liqası və kuboku uğrunda yarışların səviyyəsi ildən-ilə artır. Ölkə futbolunda maraqlı idman mübarizəsi, inkişaf, əldə olunan uğurlar göz qabağındadır. Bu baxımdan "Xəzər Lənkəran" komandasının Azərbaycan futbolunun inkişafına verdiyi töhfə təqdirəlayiqdir. 2010/11 mövsümündə Premyer Liqada olduğu kimi, ölkə kubokunda da bir-birindən maraqlı matçlar izlədik”.