Blatterlə Platini Bakıda 65 minlik stadionun təməl qoymasında iştirak edəcəklər
26.05.2011 - 10:30
Blatterlə Platini Bakıda 65 minlik stadionun təməl qoymasında iştirak edəcəklər
Azərbaycanda ən böyük stadionun təməl qoyma mərasimi iyunun 6-da olacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə, Böyük Şor qəsəbəsində, Əzizbəyov metrosu yaxınlığında tikiləcək 65 minlik stadionun təməli futbolumuzun 100 illik yubileyinin keçiriləcəyi gün qoyulacaq: “Bildiyiniz kimi, iyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək. Bunlardan biri həmin stadionun təməl qoyma mərasimidir. FİFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platini futbolumuzun 100 illiyi ilə bağlı tədbirə gələcəklər və onların stadionun təməl qoymasında iştirakı nəzərdə tutulub. Bundan əlavə, iyunun 6-da AFFA Mərdəkan qəsəbəsində inşa etdirdiyi 6 minlik tutumu olan “Dalğa” stadionunun açılışı olacaq. Yubiley tədbiri axşam “Buta Palace”dəki tədbirlə yekunlaşacaq”.

Qeyd edək ki, AFFA keçirəcəyi 100 illik tədbirə bir sıra xarici qonaqları dəvət edib. UEFA-nın üzvü olan 40-a yaxın federasiya dəvəti qəbul edərək, ölkəmizə gələcək. Bunlar arasında “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim də var. 100 illik tədbirdə 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin loqotipi təqdim olunacaq.

Mehman SÜLEYMANOV