Vaqif Cavadov: “Bakı” mənimlə maraqlanır
26.05.2011 - 13:15
Vaqif Cavadov: “Bakı” mənimlə maraqlanır
“Hazırda yığmanın toplanışında olduğum üçün transferlə bağlı heç nə dəqiqləşməyib. “Bakı”da icarə əsasında oynayırdım. Müqaviləm bitib. Bundan sonrasına yaxın günlərdə aydınlıq gələcək”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın futbolçusu Vaqif Cavadov deyib.

Son mövsümü “Bakı”da keçirən və özünü heç də yaxşı tərəfdən göstərə bilməyən Cavadovun hansı kluba keçəcəyi hələ bilinmir. Müqavilə ilə Hollandiyanın “Tvente” klubuna məxsus olan Cavadovun adıçəkilən klubda qalmayacağı dəqiqdir. Çünki belə olmasaydı, Enshede təmsilçisi həmyerlimizi ilk mövsümdəcə icarəyə verməzdi.

Bəs Vaqif bu dəfə hansı komandanı seçəcək? O, hazırda bir neçə klubla danışıqlar aparıldığını təsdiqləyib: “Əslində, müqaviləm bitdiyinə görə “Tvente”nin düşərgəsinə dönəcəm. Ancaq bir neçə klubla danışıqlar aparılır. Mənimlə maraqlanan klublar arasında “Bakı” da var. Necə olacağına isə yığmanın oyunlarından sonra aydınlıq gətiriləcək”.

Bir müddət əvvəl “Qəbələ”nin onun xidmətində maraqlı olduğu bildirilsə də, futbolçu bunu təkzib edib: “Mənimlə maraqlanan klublar arasında “Qəbələ” yoxdur. Onlarla heç bir danışığımız olmayıb”.