“Mən başqasının uğuruna qısqanmıram” - MÜSAHİBƏ
26.05.2011 - 23:03
Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Hazırda mövsümlərarası fasilədir və bu, futbolçularla yanaşı, məşqçilər üçün də yeni iş yeri tapmaq baxımından yaxşı imkandır. Yay fasiləsində sizi hansısa komandanın baş məşqçi postuna görə biləcəyikmi?
- Görək də... Qismət olsa, işləyəcəyik. Açıq deyirəm, hələlik təklif yoxdur. Hamı öz işi ilə məşğuldur. Sağlıq olsun, yaxşı olar.
- Təbii ki, ən titullu məşqçimiz kimi təklif gözləyirsiniz...
- Bilirsən, işləmək istəyərik. Bilirsiniz, bizdə yerli məşqçilər haqda qəribə bir şey alınıb. Onlar haqda belə fikir yürüdülür ki, gələn kimi 1 ilin ərzində gərək nəticə versin, sonra qalıb işləsin. Ancaq biz komanda deyiriksə, bu, 1 ilə düzəlmir. O fikirlə razıyam ki, klublar Avropada öz sözlərini deməlidirlər. İndi klublarımız elə səviyyəyə çatıb ki, təkcə mərhələdən söhbət gedə bilməz. Çox təəssüf ki, yerli məşqçilərə az, əcnəbilərə çox vaxt verilir. İnanın mənə, heç kimi qınamıram. Səmimi deyirəm. Hər klubun öz prezidenti var və mən onların fikirlərinə böyük hörmətlə yanaşıram. Ancaq mənim öz fikrim, prinsipim var ki, klub olaraq Avropada uğurla oynamaq, qrupa düşmək istəyiriksə, vaxta həddən artıq ehtiyac var. Bir də ki baş məşqçiyə inam olmalıdır. Bu, böyük şeydir.
- “Xəzər Lənkəran” 3 ildən sonra titul qazandı. Sizcə, Mirça Rednikin kubok qazanması ona daha çox inamın nəticəsi idi?
- Bilirsiniz, inam deyəndə, əsas şəraiti nəzərdə tuturam. Məsələn, Rednikin istədiyi futbolçuları aldılar və bu, çox yaxşı haldır. “Xəzər Lənkəran”a hörmətlə yanaşıram və həmişə rəhbərliyə minnətdarlığımı bildirirəm. Klubun azarkeşlərinə daim hörmətlə yanaşmışam. Biz məşqçilərin işində belə qayda var ki, nəsə çatmayanda baltanı birdən-birə kökündən vurmaq olmur. Ancaq əfsuslar olsun ki, bizdə belə hallar baş verir. “Xəzər Lənkəran” kuboku aldı və mən onların rəhbərliyini, məşqçilər korpusunu, azarkeşləri təbrik edirəm. Bizdə elə klublar var ki, onlar hər il titul uğrunda mübarizə aparmalı və buna sahib çıxmalıdırlar. Eşidirəm ki, “Qəbələ” titul qazanmaq işinə bu ildən başlayır. Bunu alqışlamaq olar. Bilirsiniz, titul uğrunda mübarizədə nəsə sərf edirsən, klub, futbolumuz inkişaf edir. Həmişə demişəm ki, yerli və xarici futbolçular arasında balans olmalıdır. Meydana birdən-birə 9-10 legioneri buraxıb, yerli futbolçulara inanmamaq – bu, çox səhv fikirdir. Bir şeyi də yaddan çıxartmayaq ki, biz Azərbaycanda yaşayırıq. Klublarda yerli futbolçular oynamalı və onların inkişafına fikir verilməlidir. Bu, əsas amildir və buna fikir verən xarici məşqçini alqışlayıram.
- Siz nəticə verən məşqçisiniz. Ancaq həmin “Xəzər Lənkəran” sizin yox, Rednikin istədiyi futbolçuları aldı. Yerli və əcnəbi məşqçilər arasında bu ayrı-seçkiliyin səbəbini nədə görürsünüz?
- Sizi başa düşdüm. Ancaq bunu izah edə bilmərəm.
- “Xəzər Lənkəran” ilk dəfə Azərbaycan kubokunun finalına Mircavadovsuz çıxdı və 7 illik tarixində ilk dəfə siz olmadan titul qazandı. Hansısa qısqanclığınız olmadı?
- Fikirlərinizi başlayan kimi sualınızı başa düşdüm. Səmimi deyirəm, mən elə insan deyiləm ki, başqasının uğuruna qısqanım. Əksinə, “Xəzər Lənkəran”ın titul qazanmasına sevindim. Lənkəranlı azarkeşlərə, klubun rəhbərliyinə titul lazım idi. “Neftçi” sonuncu dəfə mənimlə çempion olmuşdu.
- 2005-ci ildə elə “Xəzər Lənkəran”la “Qızıl oyun”da...
- Bəli. “Neftçi” yenidən çempion oldu və mən komandanı, baş məşqçi Arif Əsədovu təbrik etmişəm. Keçmiş komandalarımın mövsümü titulla başa vurmalarını alqışlayıram. Həmişə bir şeyi alqışlayıram ki, Avropada məşqçilər oyundan sonra bir-biri ilə görüşüb, əllərini sıxırlar, qucaqlaşırlar. Yəni, matçın necə qurtarmağından asılı olmayaraq, bu ənənəni qoruyub saxlayırlar.
- Növbəti futbol mövsümü bitdi. Kənarda qaldığınız bu 1 ildə mövsüm yadınızda əsasən necə qaldı?
- Mən çox oyunlara baxmamışam. Ancaq baxdığım oyunlarda gərginlik olub. Bilirsiniz, mənim üçün həmişə barometr azarkeş sayıdır. Bu, mənin üçün əsas ölçü vahididir. Stadionda azarkeşin sayının çox olduğunu görəndə, bunun əla olduğu düşünürəm. Deməli, komandaların oyunu maraqlıdır və onlar azarkeşlərə görə oynayırlar. Azarkeş az olanda isə heyfsilənirəm. Azərbaycan kubokunun finalında 24 min azarkeş vardı və bu, sevindirici haldır. Son çempionatımızın gücləndirilməsinə 2 klubunun zəif oynaması imkan vermədi. Bunların “Bakı” və “Qəbələ” olduğunu qeyd edə bilərəm. “Bakı” “altılığ”a düşsə də, oyun gərginliyini artıra bilmədi. “Qəbələ”də təşkilati işlər çox yaxşıdır, stadion, baza tikilir. Ancaq bunun qarşılığında “altılığ”a düşməmək yaxşı hal deyil. Axı onlar bahalı legionerlər alıblar. Belə olan halda, tələbat da tam başqa cür olmalıdır. Əgər “altılığ”a düşmürsə, niyə bahalı legionerləri alıb? Ondansa, gənc futbolçularla oynamaq, Premyer Liqada qalmaq olardı.
- “Qəbələ” Toni Adamsı baş məşqçi postuna gətirəndə, ilk mövsümdə qarşıya nəticə qoymadığını açıqlamışdı. İndi onlar növbəti mövsümdə iddialıdırlar, bir sıra transferlər həyata keçirir. Sizcə, “Qəbələ” gələn mövsümdə mükafatçılar sırasına düşə bilər?
- Bu, məşqçilərin işgüzarlığından və transferlərdən asılıdır. Eşitmişəm ki, Mahir Şükürov “Qəbələ”yə keçib. Milli komandamızın digər müdafiəçisi, tovuzlu futbolçu Vurğun Hüseynov da ordadır.
- Yeri gəlmişkən, ötən il mövsüm bitəndən sonra Vurğunu “Xəzər Lənkəran”a gətirsəniz də, sonda transfer baş tutmadı...
- Düzdür. Onda nəsə alınmadı. Vurğun çox gözəl insandır, yaxşı futbolçu ola bilər. Dediyim odur ki, bu 2 transfer çox yaxşıdır. Belə transferlər olsa, nəyəsə ümid etmək olar. Yaxşı futbolçuları dəvət etmək hələ o demək deyil ki, yaxşı komanda var. Bu, komanda şəklində olmalıdır. Liderlər komandaya görə, komanda da liderlərə görə oynamalıdır. Belə vəhdət olanda, nəticə qazanmaq olar. Gələn mövsüm “Qəbələ” və “Bakı” iddialı olmalıdır. Artıq onlar transferlərlə bağlı işlərə başlayıblar. 6-cı yer “Bakı”nın adına və şəraitinə yaraşmır.
- Növbəti futbol mövsümü avrokuboklardan başlayır. “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və AZAL-dan nə gözləyirsiniz? Avrokuboklarda qrup mərhələsinə düşməyimiz nə dərəcədə realdır?
- Mən bu 4 komandadan çox şey gözləyirəm. Bu, onların potensialı və şəraitinə görədir. Saytlardan baş məşqçilərin fikirləri ilə tanış oluruq. Avrokuboklarda daha irəli getmək haqda düşündüklərini bildirirlər. Sözlə iş eyni olmalıdır. Avropa arenasında hər şey – komandanın, futbolçunun, transferlərin, məşqçi korpusunun səviyyəsi bilinir. Bir şeyi də yaddan çıxartmayaq ki, ilk 2 təmsilçimiz mübarizəyə tez başlayır.
- Bəli, “Qarabağ”la AZAL artıq iyunun 30-da ilk oyunlarına çıxacaqlar...
- Vaxt azdır. Bundan səmərəli istifadə etmək lazımdır. Çünki bu hadisə mənim də başıma gəlib.
- Ötən yay Avroliqada Moldovanın “Olimpiya” klubu ilə oyuna hazırlaşan zaman hələ futbolçu axtarışında idiniz, çoxsaylı legionerləri sınayırdınız...
- Doğrudur. “Qarabağ”la AZAL transferləri mayın sonuna kimi mütləq qurtarmalıdırlar. Əgər transferlər təlim-məşq toplanışına qalsa, onda çox şey uzanacaq.
- Vaxtilə rəhbərliyiniz altında oynayan, sizin kimi milli komandamızın baş məşqçisi olan Əsgər Abdullayev 2 illik fasilədən sonra futbola qayıtdı, “Turan”ın sükanı arxasına keçdi. Siz “Turan”, belə ortabab klublardan təklif almısınız? Alsanız, qəbul edərsiniz?
- Mən həmişə ilk növbədə komandanın şəraitinə diqqət yetirmişəm və buna uyğun fikir bildirmişəm. “Turan” Azərbaycanda ən qocaman klublardan biridir, bütün milli çempionatlarımızda oynayıb. Tovuz futbol şəhəridir. Ancaq təəssüf ki, nəsə onlarda alınmır. Bu, ya rəhbərlik, ya da maddi durumun aşağı olması ilə bağlıdır. Tovuzda stadion, baza təmir olunmalıdır. Bunlara çox fikir verilməlidir. Futbol elə bir oyundur ki, hamı baxmağa gəlir. Dünən Kiyev “Dinamo”su ilə “Şaxtyor”un Ukrayna kubokunun final oyununu televiziyadan izlədim. Kiyevdə yox, başqa şəhərdə oynayırdılar və orada çox gözəl stadion tikmişdilər. 29 min nəfər oyuna baxmağa gəlmişdi. Müasir stadion idi, adamda xoş təsir bağışladı. Niyə Tovuzda elə, heç olmasa 8-10 minlik stadion tikilməsin?
Mehman SÜLEYMANOV

0
0