Fabio Luis Ramim: Azərbaycan Avropaya səviyyəsini göstərdi
26.05.2011 - 18:19
Fabio Luis Ramim: Azərbaycan Avropaya səviyyəsini göstərdi
"Təəssüf ki, başa çatan mövsüm istədiyimiz oyunu göstərə bilmədik. Biz həmişə çempionluq və kubok uğrunda mübarizə aparmışıq. Sadəcə, arxada qalan il bizim üçün uğursuz alındı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri "Bakı"nın futbolçusu Fabio Luis Ramim deyib.

Yığmamıza da cəlb olunan milliləşdirilən braziliyalı yarımmüdafiəçi ötən mövsümdəki uğursuzluğa görə azarkeşlərdən üzr istəyib: “Bakı” Azərbaycanın ən güclü klublarından biridir. Azarkeşlərə gözəl oyun və nəticə bəxş etmək istəyimizə nail ola bilmədik. Buna görə onlardan üzr istəyirəm. Təbii ki, biz belə olmasını istəməzdik. Lakin nə etmək olar? Bir qədər səbirli olmalıyıq. Azarkeşlər bizə inanmağını istəyirəm. Gələn mövsüm "Bakı"nın uğurlu çıxışı üçün əlimizdən gələni edəcəyinə inanıram. Bütün futbolçularla, əsasən də həmyerlilərimdə səmimi münasibətim var. Kimisə ayırmaq mənim üçün çox çətindir. Çünki hamı ilə çox yaxşı əlaqələrim var".

Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qalib olmasına da münasibət bildirən Fabio təmsilçilərimiz Eldar Qasımov – Nigar Camal duetinin mahnısı çox bəyəndiyini bildirib: “Bu mahnını ilk dəfə eşitdikdə, onun digərlərindən seçildiyini dedim. Elə bu mahnı da yarışmanın qalibi oldu və bu qələbə Azərbaycan üçün çox önəmlidir. Azərbaycanın bu müsabiqədə 1-ci yeri tutduğuna görə şadam. Azərbaycan bu qələbə ilə Avropaya öz səviyyəsini göstərdi. Azərbaycanda yüksək səviyyəli müğənnilər olduğunu hər kəs gördü. Bir futbolçu kimi mən də bizim oyunçuların avropalılardan geri qalmadığını göstərməliyəm”.