“Kəpəz” futbolçulara pul verməyib
20.07.2011 - 12:51
“Kəpəz” futbolçulara pul verməyib
“Biz də saytlardan oxuyuruq ki, “Kəpəz” fəaliyyətini dayandıracaq. Amma klub rəhbərliyi və məşqçilər korpusu bizə heç nə deməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Gəncə təmsilçisinin başı üzərindən qara buludlar əskin olmur. Belə ki, klub rəhbərliyi sponsorlarla əlaqə yarada bilməməkdən şikayətlənib. Buna görə də klubun fəaliyyətini yenidən dayandıracağı ilə bağlı müxtəlif fikirlər dolaşır.

Ancaq futbolçular bundan xəbərsiz olduqlarını qeyd ediblər: “Biz indi Gəncədə məşqlərimizi keçiririk. Hər şey yerbəyerdir. Dünən də oyunumuz var idi. Türkmənistanın “Nebitçi” klubunu böyük hesabla məğlub etdik”.
Komanda üzvləri tam olaraq müqavilə imzalamadığından, hələ heç bir futbolçuya əməkhaqqı ödənilməyib. Sultanov sabah və ya birisi gün futbolçuların hamısı ilə rəsmi müqavilənin imzalanacağını bildirib: “Hələ komanda üzvləri ilə müqavilə sabah və ya birisi gün imzalanacaq. Bundan sonra maaş alacağıq. Hazırlığımız da normal gedir. İnşallah, yeni mövsümdə daha iddialı çıxış edəcəyik”.