Biri gözlənilən, biri tarixi!
20.07.2011 - 17:28
Biri gözlənilən, biri tarixi!
Sabah Avroliqada II təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda qalan 2 təmsilçimiz “Qarabağ”la “Xəzər Lənkəran” ev oyunlarına çıxacaqlar. Ağdam təmsilçisi Farer adaları kubokunun qalibi “Streymur”u, “ağ-yaşıllar”sa İsrailin son bürünc mükafatçısı olan Təl-Əviv “Makkabi”sini qəbul edəcək.

Əyaləti təmsil edən komandalarımız ev oyunlarına fərqli durumda çıxacaqlar. Hər halda, “Qarabağ” rəqibi zəif olduğundan və səfərdə uduzmayaraq, qollu heç-heçə ilə qayıtdığından, mərhələ keçməyə daha şanslıdır. Futbolsevərlərimiz son 3 ildə Avroliqada ölkəmizi uğurla təmsil edən “Qarabağ”ın Farer adaları təmsilçisini nəinki keçəcəyinə, cavab görüşündə gözlənilən qələbəni qazanacağına şübhə etmirlər.

Təbii ki, bu, arxayınlaşma anlamına gəlməməlidir. Çünki Farer adalarında qələbə şansı çox olan “Qarabağ” qol imkanlarının cəmi birindən istifadə edərək, sonda bunun acısını çəkdi. Sözsüz ki, Qurban Qurbanovun yetirmələri bundan dərs alıb, meydana arxayın çıxmayacaq. Növbəti mərhələdə isə rəqib Belçikanın 2-ci ən titullu klubu olan “Brügge”dir və bürünc medalçımız daha güclü rəqiblə görüşəcəyini sabah rəsmiləşdirməlidir.

“Xəzər Lənkəran” da ilk oyunda səfərdə 1 qol vursa da, “Qarabağ”dan fərqli üçünü buraxdı. Nəticədə 1:3 hesabı ilə uduzan lənkəranlılar işini çətinə salsa da, mərhələ keçmək şansını saxladı. Hər halda, rumıniyalı müdafiəçi Andrey Mureşanın fasiləyə saniyələr qalmış həmin 1 qol cənub təmsilçisinin işinə çox yaraya bilər. Axı Lənkəran klubuna növbəti mərhələyə çıxmaq üçün 2:0 hesablı qələbə də yetərlidir. Bu da kubokda 2 oyunun nəticəsinə görə qollar bərabər olarsa, səfərdə rəqib meydanından daha çox top keçirənə üstünlük verilməyi ilə bağlıdır.

Cənublular üçün güclü rəqiblə ev oyununu əlamətdar edən bir sıra məqamlar var. Əvvəla, komanda 2004-cü ildən başladığı avrokuboklar tarixində yubiley – 10-cu oyununa çıxacaq. Təbii ki, elə təkcə bu amil qələbəyə böyük stimul verir. Ancaq onu da nəzərə alaq ki, “Xəzər Lənkəran” avrokuboklarda keçirdiyi 9 görüşdə qalib gələ bilməyib. Yəni göründüyü kimi, yubiley oyununda qələbə avrokuboklarda 1-ci kimi tarixi ola və cənub təmsilçisini ilk dəfə növbəti mərhələyə çıxara bilər. Orada isə rəqib “Jelezniçar (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) cütünün qalibi, yəni daha münasib komanda olacaq.

Ancaq təbii ki, lənkəranlıların qələbəsi 1:0 olarsa, bu, təsəllidən başqa bir şey olmayacaq. Bir sözlə, Azərbaycan kubokunun son qalibini növbəti mərhələyə ən azı 2 top fərqli qələbə çıxaracaq.

Qeyd edək ki, “Qarabağ”ın Avroliqada cari mövsümdə ardıcıl 4-cü dəfə oyunu ilk təmsilçimizdən 30 dəqiqə sonra başlayacaq. Ağdamlılar “Streymur”la Tofiq Bəhramov adına Respublika stadiondakı görüşü saat 21:00-də başlayacaq. Qoran Spirkovskinin başçılıq etdiyi makedoniyalı hakimlər briqadasının idarə edəcəyi oyun Az.TV ilə canlı yayımlanacaq. Saat 20:30-da Lənkəran şəhər mərkəzi stadionunda startı veriləcək “Xəzər Lənkəran” – “Makkabi” matçına isə Andrey Şandoranın rəhbərlik etdiyi ukraynalı hakimlər briqadası təyinat alıb. Görüş “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

Mehman SÜLEYMANOV