Rodriqinyonun zədəsi ciddidir
20.07.2011 - 16:11
Rodriqinyonun zədəsi ciddidir
“Rodriqinyonun zədəsi çox ciddi idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Zaqreb “Dinamo”su ilə keçirilən cavab oyununun 7-ci dəqiqəsində zədələnərək meydanı tərk edən braziliyalı yarımmüdafiəçinin durumu ciddidir. Oyundan sonra klub həkimləri futbolçunun diz bağlarında dartılmanın olduğunu vurğulayıblar: “Oyun zamanı həkimlər onun dizində ciddi zədənin olduğunu bildirdilər. Bağlarda dartılma var. Dəqiq diaqnoz MR-dən sonra qoyulacaq. Əməliyyat olub-olmayacağı da bundan sonra bilinəcək. Ancaq vəziyyətin ciddi olduğunu qeyd edə bilərəm”.
Bu arada baş məşqçi komandanın planları barədə də məlumat verdi. Əsədovun sözlərinə görə, futbolçular həftəsonuna qədər dincələcək: “İyulun 25-də məşqlərimizi bərpa edəcəyik. Hazırlıq bazamızda olacaq. Təbii ki, yoldaşlıq oyunları da keçirəcəyik. Əsas odur ki, çempionatın başlanma vaxtını bilək. Planlarımızı buna uyğun quracağıq”.

Transfer çalışmalarına gəldikdə, baş məşqçi klub rəhbərliyi ilə məsləhətləşdikdən sonra addım atacaqlarını bildirib: “Transfer çalışmalarına klub rəhbərliyi ilə danışdıqdan sonra müəyyənləşdirəcəyik”.