Çempionlar Liqasının qalibi hakimi döydü
29.07.2011 - 15:30
Çempionlar Liqasının qalibi hakimi döydü
Madrid “Real”ının sabiq futbolçusu Fernando Redondo hakimi döyüb. Apasport.az saytının məlumatına görə, uzun illər Argentina yığmasında oynamış 37 yaşlı yarımmüdafiəçinin meydanda belə hərəkətinə səbəb referi Abel Falkonun ona göstərdiyi sarı vərəqə olub.

Bu, Buenos-Ayresdə keçirilən həvəskarların turnirində baş verib. Nəticədə qabırğası sınan, xəstəxanaya yerləşdirilən hakim Redondonu məhkəməyə verib. Onun futbolçudan hansı kompensasiya tələb etməyi açıqlanmır. Turnirin təşkilatçıları Ferandonu yarışdan birdəfəlik kənarlaşdırıblar. Onun komandası isə turnirdən çıxarılıb.

Qeyd edək ki, 1994-2000-ci illərdə “Real”da oynayan Redondo habelə “Milan”ın şərəfini qoruyub. O, hər 2 komandanın heyətində ölkə çempionluğunu qazanıb. Fernando “Real”la Çempionlar Liqası və Qitələrarası kubokunu əldə edib. Yarımmüdafiəçi millidə 29 oyunda 1 qol vurub.