Kim, harada, necə? - SORĞU
29.07.2011 - 18:00
Kim, harada, necə? - SORĞU
İsti yay günlərində hamının şərikli bir arzusu var - istirahət etmək. İstirahət anlamı təbəqədən asılı olaraq dəyişir. Kimi sakit bir yerdə oturub çay içməyi, kimi də ölkə xaricinə yollanıb bahalı otellərdə qalmağı istirahət hesab edir. Razılaşaq ki, Azərbaycan idmançıları adətən ikinci varianta üstünlük verirlər. Apasport.az saytı olaraq, tanınmış idmançılarımızın istirahətləri ilə maraqlandıq.

1. Vitali Rəhimov (Yunan-roma güləşçisi, Avropa çempionu, Pekin olimpiadasının gümüş mükafatçısı): Azərbaycan Yunan-Roma güləşi yığmasının liderlərindən sayılan Vitali Rəhimovun bu yay başını qaşımağa vaxtı olmayıb. Belə ki, Avropa, dünya çempionatlarının, eləcə də olimpiya oyunlarının mükafatçısı Vitali iyunun 26-da subaylığın daşını atıb. Toydan sonra ailəyə başı qarışan Vitali bu səbəbdən normal istirahət edə bilməyib. Hazırda Bakıda olan idmançı avqustun 15-dək qədər ölkə xaricinə çıxmağı planlaşdırır.

2. Ruslan Abışov (Azərbaycan milli komandasının və "Neftçi"nin üzvü) - Çempionlar Liqasında iştirak edən "Neftçi"nin üzvü Ruslan Abışov da normal dincələ bilməyib. Həmişə Bodrumdan vurub Antalyadan çıxan Abışov Xəzər sahillərində "yanmaq"la kifayətlənib. 24 yaşlı müdafiəçi "Dinamo"ya məğlubiyyətdən sonra Nabrana üz tutub. O, növbəti fürsətdən səmərəli istifadə edərək ailəsi ilə birgə dəniz kənarında daha 5 gün dincəlib.

3. Zaur Ramazanov (Azərbaycan millisinin və "Xəzər Lənkəran"ın sabiq kapitanı) - Futbolla ötən il vidalaşan Ramazanovun, deyəsən, vaxtı çox olub. Azərbaycan millisinin sabiq üzvü yay mövsümündə 3 yerdə dincəlib. Əvvəlcə Azərbaycanın dilbər guşələrinə üz tutan Ramazanov 1 həftəlik Rostov səfərinə də gedib. Rusiyadan qayıtdıqdan sonra da Ramazanov işlə deyil, istirahətlə məşğuldur. O, Mərdəkandakı bağında dincəlir. Məşqçilik kurslarına yazılmaq niyyətində olmayan Ramazanov istirahətdən sonra biznesinə vaxt ayırmağa davam edəcək.

4. Nazim Süleymanov (Azərbaycan yığmasının sabiq kapitanı) - AZAL-ın Avropa Liqasında uğursuz çıxışından sonra baş məşqçi postundan istefa verən Nazim Süleymanov ənənəvi məkana yollanıb. Yaxın keçmişin tanınmış futbolçusu Süleymanov ailəsi ilə birlikdə Rusiyanın Soçi şəhərində istirahət edir. O yaxın 5-10 gün ərzində Azərbaycana qayıtmaq barəsində düşünmür. Məlumata görə, Süleymanov Soçidə vaxtilə "Alaniya"nın heyətində birgə oynadığı bəzi oyunçularla da görüşüb.

5. Şahin İmranov (Azərbaycan boks yığmasının sabiq kapitanı) - Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranov isə rahatlığını Türkiyədə tapıb. Tanınmış boksçumuz Türkiyədəki Avropa çempionatı ərəfəsində yaxşı dincəlib. Hazırda Azərbaycanda olan idmançımızın istirahət müddəti davam edir. O, yaxın günlərdə Azərbaycanın turizm əhəmiyyətli yerlərinə baş çəkməyi də planlaşdır.

6. Aslan Kərimov (Azərbaycan yığmasının sabiq kapitanı, "Sumqayıt Şəhər" klubunun məşqçisi) - Futbolçu karyerasını bu il bitirmiş Aslan Kərimovun dincəlmək imkanı olmayıb. 38 yaşlı məşqçi həm “Sumqayıt Şəhər”, həm də U-15 komandasında fəaliyyət göstərdiyindən dincələ bilməyib. Onun fikrincə, indiki məqamda dincəlməkdənsə, məşqçilik peşəsinin sirlərini öyrənmək daha məqsədəuyğundur.

7. Aqil Nəbiyev (AZAL-ın kapitanı) - AZAL ilə Avropa Liqasının oyunlarında iştirak edən Aqil Nəbiyev də əvvəlki illərlə müqayisədə az dincəlib. Tovuza gedib ailəsinə vaxt ayıran müdafiəçi məhz bu dilbər guşəmizdə stressi atıb. O, hazırda Türkiyədə təlim-məşq toplanışında olan komandası ilə birgədir.